Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunun Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı TƏBİB açıqlama yayıb.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 17 yanvar saat 20:05 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub”, – açıqlamada qeyd olunub.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2, 7, 11, 14 yaşlı uşaqlar (3 kişi və 1 qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə, digər xəsarət alan 26 yaşlı şəxs (kişi cinsli) isə bədənin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq mərkəzinə təxliyə olunub.
***
22:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Nübar qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 70kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.