Azərbaycanla anklavlar məsələsinin müzakirəsində heç bir problem görmürük.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan şimaldan delimitasiya və demarkasiya davam edərsə, Azərbaycanın anklavlarının təhvil verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Anklavların müzakirəsində heç bir problem görmürük, problem yoxdur. Heç bir mərhələdə o müzakirəyə başlamaqda problem görmürük. Düşünmürük ki, bu, bizi narahat edən və ya narahat etməli olan bir gündəm məsələsidir”, - spiker bildirib.
Simonyan qeyd edib ki, bütün bu ərazilərlə bağlı hüquqi sənədlərin olması vacibdir. Bununla belə, o, iddia edib ki, sərhədin delimitasiyası ilə bağlı imzalanan və ikitərəfli qaydada təsdiq edilən sənəddə anklavlar məsələsi yoxdur.
Həmçinin spiker əlavə edib ki, demarkasiya şimaldan cənuba doğru davam edəcək.
Xatırladaq ki, Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 anklav var. Söhbət Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərindən gedir.