Çin Orta Asiyada daha bir investisiya qoyluşu reallaşdırıb. Rəsmi Pekin Qırğızıstanda illik 155 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisinə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan hökuməti açıqlama yayıb.
Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev bildirib ki, ölkəyə müasir və ekoloji cəhətdən təmiz enerji mənbələri qazandırmağı hədəfləyiblər.
O, Çin sərmayəli şirkət tərəfindən inşa ediləcək günəş enerjisi stansiyasının hər il karbon qazı emissiyalarını 140 min ton azaldacağını qeyd edib. Kasımaliyev əlavə edib ki, günəş enerjisi stansiyası kömür istehlakını 50 min ton azaldacaq və tikinti müddətində təxminən 500 yeni iş yeri yaradacaq.
O həmçinin Qırğızıstanda Kambar-Ata SES-1, Kulanak SES, Bala-Saruu SES və onlarla kiçik hidroelektrik stansiya kimi bir çox iri enerji layihəsinin inşasının davam etdiyini xatırladıb.