İkinci Qarabağ müharibəsinin başa çatmasından və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il) imzalanmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrəvan üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Məhz həmin razılaşmaya görə, regional kommunikasiyalar, yəni Zəngəzur dəhlizi açılmalıdır. Amma erməni tərəfi müxtəlif bəhanələrlə bunu yubadır. Sözsüz ki, regionda bütün prosesləri diktə edən tərəf kimi Azərbaycanın buna sona kimi səbrlə yanaşması mümkün deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
“Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı son mesajları fonunda bu məsələ aktuallığını qoruyur. Hətta iddia edilir ki, rəsmi Bakı regional kommunikasiyaların açılması ilə bağlı digər təzyiq vasitələrinə də əl ata bilər”, - o qeyd edib.
Polkovnikin fikrincə, proseslərin inkişafı Ermənistanın verəcəyi qərarlardan asılı olacaq:
“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın ən sonda aktiv güc amilindən istifadəsi ilə bağlı nəsə demək çətindir. Rəsmi Bakı güc amilindən istifadədə maraqlı olmasa da, İrəvan prosesi süni şəkildə uzadır. Belə olan halda Azərbaycanın başqa çıxş yolu qalmayacaq”.
Üzeyir Cəfərov Azərbaycanın Zəngəzura qoşun yeritmə ehtimallarını da dəyərləndirib:
“Bu heç də Zəngəzur bölgəsinə Azərbaycan tərəfindən tankların yeridilməsi, qoşun göndərilməsi demək deyil. Bakının əlində İrəvana təsir rıçaqları çoxdur. Ona görə də Ermənistan tərəfi Azərbaycanın bundan sonra gözləmə mövqeyində qalmayacağını dərk etməlidir”.