Bakıda Heydər məscidində tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ” futbol klubunun fəxri prezidenti Abdulbari Gözəlin yas mərasimi keçirilir.
Teleqraf.com xəbər verir ki, mərasimdə "Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, klubun rəhbər heyəti və futbolçuları, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, “Azərsun Holding”in işçiləri, iş adamları, ictimai-siyasi xadimlər və mərhumun yaxınları iştirak edirlər.
Qeyd edək ki, Abdulbari Gözəl 23 avqust 1949-cu ildə İranda anadan olub. Milliyyətcə kürd olan Abdulbari Gözəl 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. 1997-ci ildə "Azərsun Holding"i yaradıb və onun Müşahidə Şurasının sədri olub.
Azərbaycanla yanaşı, İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlər qurub.
İş adamı Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub. O, yanvarın 18-də Dubayda vəfat edib və orada dəfn olunub.