ABŞ tarixində Rusiyaya qarşı ən sərt addımları atan prezident ikinci dəfə Ağ Evə qayıdan Donald Tramp olub.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Analitik məsələ ilə bağlı bir sıra məqamlara diqqət çəkib:
“Trampın yenidən ABŞ prezidenti seçilməsindən ən az Rusiya məmnundur. Çünki Tramp ən yeni tarixdə ABŞ-nin Rusiyaya qarşı ən sərt addımlar atan prezidenti olub.
Nümunə üçün birini deyim: Obamanın ikinci prezidentliyi müddətində Rusiya İraqın şimalında BMT sülhməramlılarının konvoyunu raket atəşinə tutmuşdu. ABŞ-nin o zamankı dövlət katibi Kerri BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmışdı. Dinləmələr keçirildi, qərar qəbuletmə mərhələsində Rusiya və Çin veto hüququndan istifadə edib, qərarı blokladı.
Trampın birinci prezidentliyi müddətində analoji hadisə baş verəndə onun əmri ilə konvoyu vuran təyyarələr havada məhv edilmişdi. Üstəlik, dərs olsun və bir də oxşar hadisə təkrarlanmasın deyə, təyyarələrin qalxdığı rus aviabazasını raket hücumları ilə dağıtmışdılar. Bu, Yaxın Şərqdə SSRİ dövründən bəri ilk dəfə rusların aviabazasının dağıdılması hadisəsi idi.
Odur ki, 2024- cü ildə Rusiya mediasının 2016-ci il tezislərini tirajlamağa ehtiyac yoxdur”.