Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Ermənistanın Sünik bölgəsində (Zəngəzur – red.) Rusiya konsulluğunun genişləndirilməsi məsələsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin özü bildirib.
“Qarşılıqlı şəkildə konsulluqların genişləndirilməsi perspektivlərini, o cümlədən Ermənistanın Sünik bölgəsində Rusiya konsulluğunun mövcudluğunu müzakirə etdik. Bura strateji əhəmiyyətli regiondur.
Diplomatik nümayəndəliklərin genişləndirilməsi və onların sayının artırılması ölkələrimizin maraqlarına uyğundur”, - Lavrov deyib.
Xatırladaq ki, bundan əvvəl Rusiya hökuməti Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində (Zəngəzur bölgəsi) baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda ikinci olacaq, birincisi Gümrüdə yerləşir.