Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin barelyefi baxımsız vəziyyətdədir.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, barelyef 2012-ci ilin dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Nizami Gəncəvinin adının verildiyi küçədə açılıb.
Mozaika daşlarından işlənmiş barelyef küçənin başlanğıcında yerləşir. Küçənin adını da məhz bu xatirə barelyefi bildirir, küçə boyu isə ünvan lövhələrinə rast gəlinmir.
İlkin görkəmi ilə müqayisədə barelyefin rəngi solub, əksər hissələrində mozaik daşların dağılıb-tökülməsi müşahidə olunur. İldən-ilə barelyefdə qopmaların miqyası genişlənir. Abidədə mövcud olduğu 12 il ərzində hər hansı bərpa işləri həyata keçirilməyib.
Barelyef vaxtilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə hazırlanıb. Barelyefin restavrasiyası məsələsini azərbaycanlı icma təşkilatları gündəmə gətirməli, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri də dəstəklərini əsirgəməməlidirlər. Bu məsələ ilə bağlı Gürcüstanda mozaikaların bərpası və konservasiyası ilə məşğul olan “Ribirabo” Fonduna müraciət oluna bilər.
Qeyd edək ki, Marneulidə Nizami Gəncəviyə aid daha bir abidə var. 2012-ci ildən SOCAR-ın maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Çay Evi”nin qarşısında yerləşən abidənin üzərində azərbaycanlı ədiblə yanaşı görkəmli gürcü şair Şota Rustavelinin də surəti həkk olunub. Nizami Gəncəvi küçəsində yerləşən barelyefdən fərqli olaraq həmin abidəyə lazımı səviyyədə qulluq göstərilir.