İranda həbsdən azad olunub Azərbaycana gətirilən Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dilarə Əsgərova özünün "facebook" hesabında yazıb.
Bildirib ki, oğlunun azad olunmasında ölkə rəhbərinin böyük rolu olub:
"Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehranda səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub. Buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
Fərid Səfərlinin anası qeyd edib ki, başına gələnlər oğlunu dərin depressiya vəziyyətinə salıb:
"Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.
Anası oğlunun azadlığa çıxması məsələsinin 23 ay ərzində həll edilməsini uğur kimi qiymətləndirib.
“ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm”, - o qeyd edib.