ATƏT-in Minsk Qrupu 2022-ci ilin fevralından sonra, Fransa və ABŞ-dən olan həmsədrlərin Rusiya ilə əlaqə saxlamaqdan imtina etməsindən sonra bitib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Yadınızdadırsa, birtərəfli qaydada, məsləhətləşmədən, təmas saxlamadan rusiyalı həmsədrlə əlaqədən imtina etdilər və əvvəllər planlaşdırılan bütün tədbirləri ləğv etdilər. Bəli, bu, məsələnin bitdiyi yerdir”, - diplomat bildirib.
Bundan başqa, Zaxarovanın sözlərinə görə, Minsk Qrupunun ləğv edilməli olması faktını Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa və Avropa İttifaqı Şurasının nümayəndəsinin birgə bəyanatı (Praqa – red.) da təsdiqləyir:
“Bütün bunlar Minsk Qrupunun öz fəaliyyət obyektini itirməsinə gətirib çıxardı. Deməli, Minsk Qrupu açıq şəkildə və məntiqlə ləğv edilməlidir. Vaxtı keçmiş bu format Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına töhfə vermək məqsədi daşıyırdı”.