Ötən gün ölkəmizdə COVID-19 infeksiyasına rekord sayda - 2259 yeni yoluxma faktı qeydə alınıb. Bu isə vəziyyətin kifayət qədər ciddi olduğunu bildirən həyəcan təbilidir. Maraqlıdır, bəs mütəxəsislər bu haqda nə düşünür? Yoluxma sayı arta bilərmi? Xəstəliyin gedişatında hansı yeniliklər var?
Ağciyər xəstəlikləri üzrə müxtəxəsis, pulmonoloq Həsən Həsənzadə mövzu ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Bir ilə yaxındır virusla yaşasaq da, hələ də onun əlamətlərindən xəbərsiz vətəndaşlarımız var. Koronavirusun əsas əlamətləri hansılardır?
- İnfeksiya yayılmağa başlayandan bəri qeyd edilmişdi ki, xəstəliyin mütləq simptomları yoxdur. Bir çox simptomlar digər infeksiyon xəstəliklərdə də müşahidə oluna bilər. Sadəcə, bəzi simptomlar koronavirusda daha çox özünü göstərir. Əzginlik, halsızlıq, burun-udlaq tutulması, dad və qoxu hissiyyatının dəyişməsi kimi simptomlar başlıca əlamətlər sırasındadır. Lakin bunlar hamısı nisbi simptomlarıdır və bu simptomlar olmadanda koronavirusa yoluxma halı mümkün sayılır.
Birinci dalğa dönəmində xəstələrdə simptomlar daha çox özünü büruzə verirdisə, indiki yoluxma hallarında asimptomatik xəstələrə daha çox rast gəlinir. Asimptomatik xəstələr virusun daha çox yayılmasına səbəb olur. Bütün infeksiyon proseslərdə olduğu kimi, zamanla virus mutasiyaya uğrayır, yoluxuculuqda və xəstəlik törətmə qabiliyyəetində müəyyən dəyişikliklər olur.
- Xəstəliyin gedişatı barədə fikirləriniz necədir? Hazırda hansı əlamətlər üstünlük təşkil edir?
- İlk dövrdən hər insanda xəstəliyin simptomları fərqli müşahidə olunurdu. Hazırda əzginlik, halsızlıq, kürək ağrısı, və yüksək temperatur daha sonra öskürək ən çox müşahidə olunan əlamətlərdir.
Nəzərə almaq lazımdır ki, ötən yoluxma mərhələsində insanlar daha stresli idi. Hətta heç bir simptomu olmasa belə, panika vəziyyətdə yeni simptomların çıxması vəya var olan simptomların ağırlaşmasını görəbilirdik. Lakin hazırda insanlar daha soyuqqanlıdırlar. Təəsüf ki, soyuqqanlı olmaq qorunma tədbirlərinə yetərsiz əməletməyə və xəstəliyin yayılmasına səbəb olur.
- Virusa yoluxma halları başlanan müddətdə “buzlu şüşə” sindromuna görə xəstələr kompüter tomoqrafiyası etdirirdi. Kompüter tomoqrafiyası nə zaman edilməlidir?
- Əvvəldən də deyilirdi, hər kəsə kompüter tomoqrafiyası lazım deyil.
Ama təəsüfki, xəstələr həkimə müraciət etmədən, birbaşa kompüter tomoqrafiyasından keçib, daha sonra həkim müayinəsinə gedirlər. Bu, düzgün deyil.
Verilən müalicə nəticəsində simptomları geriləməyən, əzginlik, halsızlıq, təngnəfəslik və kürəkdə ağrı hissiyyatı dahada artan xəstələrə kompüter tomoqrafiyası çəkdirmək daha çox lazım olur. Bu xəstələrdə böyük ehtimalla buzlu şüşə görüntüsü görürük. Amma heç bir simptomu olmayan xəstənin kompüter tomoqrafiyası çəkdirməsinə ehtiyac yoxdur.
Bəzən ağır xəstə erkən mərhələdə kompüter tomoqrafiyası çəkdirdiyi üçün nəticəsi normal olur. Kompüter tomoqrafiyanın vaxtını doğru seçmək çox önəmlidir.
- Hazırkı yoluxma statistikasını ikinci dalğa hesab edə bilərikmi?
- Ötən yoluxma mərhələsində ikinci dalğa haqqında mənə sual veriləndə, Azərbaycanda yoluxma dalğasının bitməyəcəyini düşünürdüm. Hesab edirdim ki, dalğa bitməyəcək, sadəcə azalan xətlə uzun müddət davam edəcək. Amma həm statistikada, həm də həkim olaraq müşahidələrimizdə avqust ayının sonu və sentyabr ayında yoluxma hadisələrində ciddi dərəcə azalma gördük. Lakin daha sonra yoluxma halları təkrar artmağa başladı. Açığı, mən hazırkı yoluxma statistikanı ikinci dalğa hesab edirəm.
- COVID-19 virusundan sağalan xəstənin ağciyərində zədə qala bilərmi?
- Termin olaraq "buzlu şüşə" adlandırsaq da, bu, pnevmoniya olaraq tanınınır. Ağciyərdə zədənin qalması pnevmoniyanın ağırlıq dərəcəsindən asılıdır. Həmçinin qalan zədənin dərəcəsi də xəstəliyin ağırlığına görə dəyişir. Bunu əvvəlcədən demək mümkün deyil.
- Dekabr ayında yoluxma hadisələrində artım olacağı gözlənilirmi?
- Hazırda kütləvi yoluxma baş verir. Belə bir qorunma vəziyyəti ilə yoluxma sayısınin ciddi şəkildə artacağını düşünürəm. Kütləvi yoluxma qətiyyən arzu edilən vəziyyət deyil. Tibbi mərkəzlərində yataqların dolmasına və dolayısı ilə yetərsiz tibbi dəstəyə səbəb olur. Ama başqa tərəfdəndə hesab edirəm ki, nə qədər kütləvi yoluxma baş verərsə, yoluxma dalğası da o qədər tez başa çatacaq.
- Peyvənd haqqında fikirləriniz necədir?
- Hələ ki, peyvənd çalışma mərhələsindədir. Effektivliyi barədə danışmaq üçün çox tezdir. Peyvənd hazırlığı görülən ölkələrdə də bununla bağlı dəqiq fikir yoxdur. Doğrudur, bəzi ölkələr vaksinasiyanın başlanacağı vaxtı açıqlayır. Peyvəndin effekti olsaydı, bu Rusiyada özünü göstərərdi. Hazırda Rusiyada kütləvi şəkildə yoluxma halları müşahidə edirik.