Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov magistratura pilləsinə qəbul imtahanındakı dəyişikliklərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- İlqar müəllim, bu il magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcək. Təhsil mütəxəssisi olaraq, bundan gözləntiniz nədir?
- Magistraturaya qəbulda iki dəfə imtahan vermək əslində bakalavr məzunlarının magistratura pilləsində təhsil alması üçün əlçatanlıq baxımından əlavə şans deməkdir. Ola bilər, bakalavr təhsilli məzun birinci imtahanda müəyyən səbəblərdən uğurlu nəticə əldə edə bilməyib. Hesab edirəm ki, məzunlara ikinci dəfə şans verilməsi əlavə imkan deməkdir. Prosesi çox yüksək qiymətləndirirəm.
Fikrimcə, təhsil almaq istəyən gənclər üçün mümkün qədər imkanlar yaratmalıyıq. Onlar üçün təhsili əlçatan etməliyik. Bu baxımdan Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbulda tələbələrə iki dəfə şans vermək qərarını müsbət qiymətləndirirəm.
- Necə düşünürsünüz, bu qərar təhsilin keyfiyyətinə təsir edəcəkmi?
- Nəzərə alsaq ki, pandemiya səbəbindən hazırlıq mərkəzləri fəaliyyət göstərmir, eyni zamanda dərslər distant formada keçirilirdi. Bu baxımdan magistraturaya hazırlaşan gənclər üçün xeyli məhdudiyyətlər var idi. Ona görə düşünürəm ki, birinci imtahanda uğur qazana bilməyən gənclər növbəti imtahanda yenidən imkan əldə edəcəklər.
Əlbəttə, pandemiya təhsilin keyfiyyətinə xeyli mənfi təsir göstərdi. Təsadüfi deyil ki, bu il buraxılış imtahanları ilə bağlı Təhsil Nazirliyi və DİM birgə qərara gələrək imtahan suallarında xeyli yumşalmalar etməli olduqlar. Bu baxımdan, gənclər üçün magistratura pilləsinə qəbulla bağlı əlavə imkanlar yaratsaq, bu, əslində təhsilin keyfiyyətinə təsir göstərməyəcək.
Magistratura pilləsini seçənlər gələcəyini elmi fəaliyyətə bağlamaq istəyən gənclərdir. Onların da bir qismi müəyyən pillədə artıq doktorantura üzrə təhsili seçirlər. Ümid edirəm ki, bu qərar təhsilin keyfiyyətinə neqativ təsir etməyəcək. Magistratura pilləsini seçən gənclər xeyli potensiallı, bakalavr pilləsində yaxşı nəticələr əldə edənlərdir. Hesab edirəm ki, bu gənclərə mütləq imkan yaratmaq lazımdır.
- Bu təhsil pilləsinə ölkəmizdə maraq nə dərəcədədir?
- Magistraturaya maraq ölkəmizdə ildən-ilə artmaqdadır. Gənclər daha yaxşı oxumaq, daha rəqabətədavamlı kadr kimi yetişmək, əmək bazarında gələcəkdə özlərini təsdiq etmək üçün magistraturaya üz tuturlar.
Magistratura pilləsində yeni ixtisasların yaranması, əmək bazarında rəqabətin güclənməsi gəncləri daha təhsilli, daha bacarıqlı olmağa sövq edir. Bu baxımdan magistraturaya gənclərin axınında irəliləyiş var. Təkcə ölkənin ali məktəblərində magistratura təhsili alanlar yox, eyni zamanda yaxşı oxuyan, müxtəlif mübadilə proqramları çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə magistratura təhsili alan gənclərimiz də var.
- Xaricdə magistratura təhsilini qeyd etdiniz. Təqaüd proqramları burada nə qədər rol oynayır?
- Xaricdə təhsilə üz tutanlar müxtəlif təqaüd proqramları alırlar. Həmin təqaüd proqramlarından yararlanmaq istiqamətində Təhsil Nazirliyi mütəmadi olaraq bu cür elanları yerləşdirir. Gənclərimizin təhsil alması üçün bu proqramların xeyli əhəmiyyəti var. Yüzlərlə gəncimiz ölkə xaricində nüfuzlu ali məktəblərdə, elm tutumlu ölkələrdə təhsil alırlar. Bu baxımdan da bu addımı çox yüksək qiymətləndirirəm.
Gənclər nə qədər oxumağa, təhsilli olmağa meyilli olsalar, bir o qədər xalqımızın gələcəkdə intellektual potensialının yüksəlməsi, ölkəmizdə kadr bazasının formalaşdırılması istiqamətində işlərə təkan verəcək.