9 İyun 2021 16:11
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kazımbəy Aleksey Nikolayeviç daxili xəstəliklər sahəsində Rusiyanın məşhur həkimlərindən biri kimi tanınıb. Kazan Universitetində "Ürəyin innervasiyası üçün materiallar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Rusiya vərəmə qarşı mübarizə liqası Kazan şöbəsinin müdiri olan alim "Kazanskiy meditsinskiy jurnal"ının redaktoru olub.

Aleksey Kazım bəy Rusiya Daxili Xəstəliklər Klinikasında adına simptom olan yeganə azərbaycanlıdır. Bu simptom tibbdə “Kazımbəy simptomu" kimi tanınır. Maraqlıdır, Kazımbəy simptomu nədir? Kimlərdə olur? Əlamətləri hansılardır, müalicəsi varmı?

Professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında bildirib ki, Rusiya tarixində tanınmış kardioloq olan Aleksey Nikolayeviç ürəyin sol mədəciyinin anevrizması zamanı ortaya çıxan bir sıra əlamətləri müəyyən etdiyinə görə simptomun adını onun şərəfinə qoyublar: “Aleksey Nikolayeviç ürəyin innervasiyası, nadir anadangəlmə və qazanılmış ürək qüsurlarının diaqnozu, strofantinlə ürək çatışmazlığının müalicəsi və digər mövzularda 30-a yaxın elmi məqalənin müəllifidir.

Ölkədə ürək səsinin mənşəyində əzələ komponentinin üstünlük təşkil etdiyini eksperimental olaraq təsdiqləyən ilk şəxs olub. Kazımbəy sindromunda ürəyin sol mədəcik anevrizmasının diaqnostik əlamətləri təsvir edilib”.

Professorun sözlərinə görə, simptomun müalicəsi yalnız cərrahi üsulla mümkündür: “Simptom döş sümüyünün sol tərəfə 3-4-cü qabırğalar arası nahiyələrdə geniş pulsasiyadır, nəbzin zəifləməsidir. Bu simptom kompleks olaraq tibbdə Kazımbəy simptomu adlandırılır. Ürəyin anibrizması ağır patologiyadır. Böyük anibrizmalarda gərək ürək dəyişilsin. Hər an partlaya, ürəyin dayanması baş verə bilər. Təbii ki, bunun müalicəsi anibrizmanın böyüklüyündən asılı olaraq müxtəlif olur. Müalicə yalnız cərrahi üsulladır”.

Qeyd edək ki, o, 1884-cü ildə Qazan universitetinin tibb fakültəsini bitirmiş və universitetin ordinaturasında saxlanılmışdı. 1894-1904-cü illərdə professor A.N.Kazımbəy fakültə terapiyası kafedrasına rəhbərlik etmişdi. Kardiologiya sahəsində dövrünün nüfuzlu və təcrübəli mütəxəssislərindən biri sayılırdı. Tibbə dair 30-dan çox mətbu əsərin müəllifi idi. Uzun illər boyu həm də Rusiyada Vərəmlə Mübarizə Liqasının rəhbəri olmuşdu. O, əmisi Mirzə Kazımbəyin XIX əsrin 20-ci illərində Qazan universitetində başladığı estafeti növbəti əsrin 20-ci illərinə qədər davam etdirmiş və bu elm ocağının tarixinə öz adını yazmışdı.

Kazımbəy Aleksey Nikolayeviç 1918-ci ilin dekabrında özünə ağciyər xərçəngi diaqnozu qoyub və gündəlikdə xəstəliyin gedişi barədə qeydlər edib. 25 iyun 1919-cu ildə Tomskda dünyasını dəyişib. Nəşinin tibbi ekspertizası zamanı özünə qoyduğu diaqnozun düzgünlüyü təsdiqlənib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər