Öyrəndik ki, ölkədə “Murovdağ” silsiləsinin adı verilən kartof növü və çəkisi 400 qram olan pomidor sortu yetişdirilir. Məhsullarla tanış olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna yollandıq. 1965-ci ildən bəri fəaliyyət göstərən institut paytaxtın Mehdiabad qəsəbəsində yerləşir. 102 hektar ərazidə müxtəlif çeşidli tərəvəzlərin 200-dən artıq sortu yetişdirilir.
İnstitutun direktoru Elmar Allahverdiyev bildirdi ki, institutda seleksiya-toxumçuluq məqsədilə pomidor, bibər, göyərti, kartof çeşidləri yetişdirilir: “İlk olaraq komissiya əsasında sortlar seçilir. Təyinatı özümüz müəyyənləşdiririk ki, hansı sortlar yaradılacaq. Sortlar seçildikdən sonra dequstasiya komissiyamıza təqdim edilir.
Komissiyaya kənardan insanları cəlb edirik, istehlakçı kimi hər kəs orada iştirak edə bilir, dad keyfiyyətlərinə baxılır. Əgər dad keyfiyyəti, biokimyəvi analizləri, xarici görünüşü, məhsuldarlığı, xəstəliklərə davamlılığı yüksəkdirsə, həmin sortlar artıq Aqrar Xidmətlər Agentliyi yanında Dövlət Komissiyasına rayonlaşması üçün təqdim edilir. Məhsulların patenti də instituta məxsusdur. Patent alındıqdan sonra onun üzərində işləyən müəlliflərə müəlliflik şəhadətnaməsi verilir”.
Elmar Allahverdiyevin sözlərinə görə, instutuda çəkisi 5 qramdan 600 qrama qədər pomidor sortları yetişdirilir: “Bu, həm sortun öz genetik xüsusiyyətlərindən irəli gəlir, həm də becərməsindən asılıdır. Burada suvarma norması, gübrələmə, həmçinin yaşıl budama əməliyyatları rol oynayır. Təkcə pomidor deyil, kartof, xiyar, badımcan, bibər sortları də yetişdiririk.
Pomidor sortlarında rənglərinə, salxım tipinə, ölçülərinə görə fərqli olanlar var. Çəhrayı pomidorların əksəriyyəti isti havaya dözmür, tez partlayır. Qırmızı pomidorlar isə daha dözümlüdür. Bizim ölkə üçün ekzotik, fərqli çerri pomidorları var. Müəyyən kütlə var ki, onlardan daha çox istifadə edirlər.
Təbii ki, qiymətlər bazar tələbatına əsasən müəyyənləşir. Çətin yetişdirilən, hər kəsin əkə bilmədiyi sortlar olduğu üçün nisbətən baha satılır. İri pomidorlar daha münasib qiymətədir. Salxım formalı pomidorların yetişdirilməsi isə daha baha başa gəlir”.
Söhbət əsnasında öyrəndik ki, haqqında danışdığımız tərəvəzlər heç də az müddətdə ərsəyə gəlmir. Bir sortun yaradılması 1-8 il arasında vaxt tələb edir. Elmar Allahverdiyev bildirir ki, sortlar yaradılmazdan əvvəl hansı kütlə, hansı bazar üçün yetişdiriləcəyi nəzərə alınır: “Pomidor sortlarından 250 qram sortu, çerri pomidoru, orta ölçülü növləri var. İri pomidorlardan daha çox yeməklərdə, salxım pomidorlarından isə süfrə üçün istifadə edilir. Çerri pomidorları çərəz üçündür.
Tədqiqatlar da göstərir ki, xırda ölçülü pomidorlarda nitrat daha azdır. İri pomidorlarda nitrat qalığı daha çoxdur və insan sağlamlığına ziyandır. Bu da yetişdirilmə dərəcəsindən asılıdır. İnsanlar daha tez bazara çıxmaq üçün gübrənin miqdarını qədərindən artıq edirlər, bu da insan səhhəti üçün ziyan törədir.
Çünki toplanan kimyəvi maddə haradansa çıxmalıdır. Buna görə də hər gübrənin öz istifadə həddi var. İri meyvəli pomidorlar nitrat yığmağa həssasdırlar”.
Kartof sortları haqqında danışan institut direktoru deyir ki, sortların yetişdirilməsində proses olduqca sürətləndirilib: “İnstitutun tarixində heç vaxt bu qədər sort təqdim edilməyib. 2019-cu ildə kartofun 4 yeni sortunu təqdim etmişdiksə, bu il 6 yeni sort təqdim etdik. 6 yeni kartof sortunun birinə vətən müharibəsi ilə əlaqədar Murovdağ silsiləsinin adını verdik. Bu sort rənginə, dadına, bişmə müddətinə görə fərqlənir, biokimyəvi tərkibi seçilir.
İkinci sorta Gədəbəyin Slavyanka kəndinin adını qoyduq. Həmin kartofun seleksiyasının çox hissəsi həmin kəndin ərazisində gedib. Biz də qərara gəldik ki, onu Slavyanka adlandıraq.
2019-cu ildəki sortlarımızın da adı milli adlardır. Məsələn, bir sortu "Turan" adlandırdıq. Turan deyəndə türkçülük nəzərdə tutulur. Bir sorta Şəmkrin Çənlibel kəndinin adını vermişik. Orada da dayaq məntəqəmiz var. Yeni sortlara da işğaldan azad olunan ərazilərin adını verməyi planlayırıq.
Yetişdirilməsi uzun zaman alan bu məhsul sortlarının rayonlaşması da bir o qədər vaxt tələb edir. Sortların rayonlaşması 1-3 il arasında dəyişir. Məhsullar rayonlaşdıqdan, müvafiq pasportunu aldıqdan sonra bazara çıxarılacaq".
Yetişdirilən məhsul sortları haqqında öyrəndikdən sonra Emal, saxlama və keyfiyyət laboratoriyasına yollandıq. Laboratoriya müdiri Sevda Adıgözəlova bildirdi ki, buradakı pomidor lavaşı, kartof tozu, acı bibər tozu, pomidor, bibər, yemiş qurutması kimi məhsulların hər birinin qidalılıq keyfiyyəti yüksəkdir və patenti instituta məxsusdur.
Diqqətimizi çəkən isə patisson bitkisi oldu. Dəniz ulduzu və ya dəniz göbələyi adlandırılan patisson qabaqkimilər fəsiləsinə aiddir, müxtəlif isti xörəklərdə bişirilir.
4 il ərzində emal texnologiyası öyrənilən patissondan konserv üçün xammal kimi istifadə edilir, qabığından isə çərəz qabları hazırlamaq mümkündür.
Tanış olduğumuz digər laboratoriyada isə invertor şəraitdə hüceyrə səviyyəsində işlər görülür.
Belə ki, 0,1 mikron ölçüsündə kartof alınır və xüsusi maddə əlavə edilmiş şüşələrdə yetişdirilir. Proses haqqında danışan Elmar Allahverdiyev bildirdi ki, kartof hüceyrələri əvvəlcə təmizlənir, virus testindən keçirilir. Əgər virus yoxdursa, artırılır: “Şüşələrin içində vitaminlər var, makro-mikro duzlar, bəzi boy hormonları var. Maddələr xaricdən gətirilir. Bu üsulla 5 illik proses 1 ilə görülür. İstehsal baxımında olduqca sürətlidir. Burada süni iqlim yaradılıb, bitkilərə işıq verilir. Bitki daha sürətlə böyüyür. 9 ay bitki burada böyüyür, 3 ay da istixanada yetişdirilir. Bibər, kartof bu üsulla yetişdirilir. Bitkilər burada artırılır, sonra istixana, daha sonra isə açıq sahədə əkinə verilir”.
İnstututun ən qiymətli tərəvəzlərindən biri də “Sevinc” adlı, qırmızı muncuğa bənzəyən bu kartofdur.
Öyrəndik ki, bu kartofların ən kiçiyi xaricdə ədəd olaraq 10-50 sent arasında satılır. Başlanğıc materialdır və laboratoriyadan alınan ən xırda məhsuldur.
Məhsullarla tanış olduqdan sonra yetişdirilmə prosesini izləmək üçün istixanaya baş çəkdik. Yay fəsli gəldiyindən artıq məhsulların istixanalardan çıxarılmasına başlanıb.
Sədr müavini Hikmət Nəsibov deyir ki, yenidən avqust ayında istixanalar hazırlanacaq və sentyabr ayının ilk on günlüyündə məhsullar istixanalara köçürüləcək: “Burada 200-ə yaxın pomidor sortu, badımcan, xiyar, bibər əkilib. Tərəvəzlərin hər biri laboratoriya yoxlanışından keçirilir. Saf xətt öyrənildikdən sonra buraxılır. Bir sort 8 ilə yaradılır”.
Sonuncu dayanacağımız isə institutun yeməkxanası oldu. Burada bazara çıxarılmayan yeni sort məhsulların, pomidor mürəbbəsinin dadına baxdıq.
Pomidor mürəbbəsi demək olar ki, yediyimiz digər mürəbbələrdən fərqlənmir. Hələ ki, ad verilməyən 393 nömrəli kiçik pomidor dadının özünəməxsusluğu ilə seçilir. Deyə bilərəm ki, həyatımda ən dadlı pomidoru məhz burada yedim...