Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov qlobal problemə çevrilmiş meşə yanğınları və onların həll yolları ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Rauf müəllim, son günlər Türkiyə də daxil olmaqla bir çox ölkələrdə meşə yanğınları müşahidə olunur. Bunu bəziləri insan amili, bəziləri ekoloji amillə bağlayır. Sizcə, hansı amil öndədir?
- Bütün dünya miqyasında yanğınların demək olar ki, 70-80 faizi təbii proses nəticəsində baş verən yanğınlardır. Vaxtilə dünyada quru səthin 70 faizdən çoxu meşə və cəngəlliklər olub. Flora və fauna indiki ilə müqayisədə on min dəfələrlə çox olub.
Meşələrdə baş verən yanğınlar nəticəsində bu gün dünya miqyasında quru səthin meşə örtüyü 30 faiz təşkil edir. Meşə örtüyü iki dəfədən çox azalıb. O dövrlərdə təbiət proseslərinə antropogen amillərin təsiri elə də böyük deyildi. Çünki əhali 500-600 milyon həcmində olardı.
Meşələrdə hər zaman yanğınlar olub. Atmosferin çirklənməsində antropogen amillər olduqca böyük əhəmiyyət kəsb edir. Amma atmosferin çirklənməsində meşə yanğınları 50-60 faiz arasındadır.
- Yanğınların baş verməsinin əsas səbəbi nədir?
- Əsas səbəb təbii proseslərdir. Elə bitkilər var ki, onlar istinin təsirindən yanğın törədir. Antropogen amillərə gəldikdə, meşədə adicə atılan butulka günəş şüası ilə təmasda olduqda otlar yanaraq dəhşətli fəlakətə səbəb olur. Yəni, insanın buna nəzarət etmək imkanı çox deyil.
- Yanğınlar daha çox hansı ölkələri əhatə edir?
- O ölkələrdə yanğınlar daha çox baş verir ki, meşə örtüyü quru səthində daha çoxdur. Avstraliya, Avropa, Türkiyə, Amerika, Kanada, Yunanıstan kimi ölkələrdə meşə yanğınlarının monitorinqi nə qədər tez aparılsa, böyük fəlakətin qarşısını o qədər tez almaq mümkündür.
Keçmiş zamanlarda meşə yanğınlarının törəməsində vulkanların böyük rolu olub. İnsanlar həmin yanğınları söndürməyə cəhd göstərə bilmirdi. Meşə yanğınları baş verib sönənədək insanların xəbəri olmurdu. Çünki bu günkü informasiya şəraiti o dövrdə yox idi. Məhz buna görə indi hesab edirik ki, yanğınların sayı çoxalıb. Əvvəl də yanğınlar olub. Bu yanğınların baş verməsində, qarşısının alınmasında insan amili çox böyük rol oynayır.
- Təbiətdə insan davranışları ilə bağlı hansı problemlər var?
- Bu sahədə problemlər olduqca çoxdur. Əhalinin sıx yaşadığı yerdə insanları ərzaq məhsulları ilə təmin etmək üçün meşələr qırılır. Bu, kütləvi hal alıb. Məsələn, Masallı rayonu. Bütün əhali meşə kənarında məskunlaşıb. Meşənin yol kənarı hissələri əhalinin məskunlaşma yeri olub. Əhali evi meşədə tikir və təsərrüfatı meşə daxilindədir. Əlbəttə, bunlar nəzarətsizlikdəndir.
Burada obyektiv və subyektiv amillər olduqca çoxdur. Rayonda kənd təsərrüfatı sahəsində işləyəndə görürdüm ki, bəzi sahələri məhv edib, meyvə bağları salırlar. Məsələn, Qubada bunun şahidi olmuşam. İqtisadi cəhətdən bağ meşədən daha əhəmiyyətlidir.
Digər ölkələrdə quru səthin 30 faizini meşəlik təşkil edirsə, Azərbaycanda bu rəqəm 10-13 faizdir. Azərbaycan az oksigen istehsal edən ölkələrdəndir. Fotosintez prosesi zamanı otlar günəş şüasının 0,3 faizini mənimsəyirsə, meşə 3 faizini mənimsəyir. Təbiətdə oksigenin əmələ gəlməsində meşənin rolu olduqca böyükdür.
Yaşıl kütlə nə qədər çox olarsa, yaşıl kütlə ilə qidalanan heyvanların sayı da o qədər çox olar. Meşə azaldıqca canlı aləm də, ekosistem də tədricən azalır və burada bitki, heyvan növləri sıradan çıxır.
- Türkiyədə baş verən yanğın digər ölkələr üçün təhlükə sayıla bilərmi?
- Bu gün dünyada baş verənlər qlobal proseslərdir. Təsəvvür edin, Türkiyədə, Amerikada meşə yanır, atmosfer isə ümumidir. Atmosferdə 21 faiz oksigen var. Amerikada meşə yananda oksigen həcminin azalması Azərbaycana da təsir edir. Çünki dünya miqyasında oksigenin formalaşması qlobal prosesdir. BMT buna qlobal formada yanaşmalıdır.
Əgər Türkiyədə yanğın baş verirsə, bütün dünya bundan narahat olmalı və yanğının söndürülməsinə maraq göstərməlidir. Kosmik nəzarət nəticəsində beynəlxalq miqyasda qlobal təşkilat yaratmaq lazımdır ki, xüsusi texnikanın cəlb olunması nəticəsində yanğınlar söndürülsün. Əlbəttə, bunun üçün BMT tərəfindən müəyyən vəsait ayrılmalıdır.
- Masallıdakı vəziyyətdən söz açdınız. Son günlər Azərbaycandakı vəziyyət necədir? Hansı bölgələrimizdə meşəlik ərazilərə diqqət ayırmalıyıq?
- Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tərkibində qoruqlar, yasaqlıqlar, milli parklar var. Müstəqillik dövründə bu qoruqluq, yasaqlıqlar, milli parkların ərazisi genişləndirildi. Bundan başqa yeni qoruqlar yaradıldı. Azərbaycanın 20-30 faiz ərazisi bu gün belə bir şəraitdə qorunur.
Əgər vaxtında bu addımlar atılmasaydı, Azərbaycanda meşə örtüyü daha da azalardı. Təsəvvür edin, son illər Azərbaycanda meşə örtüyü 0,4 faiz artıb. Bu isə dünya miqyasında rekorddur. Azərbaycanda yol kənarında yaşıl örtüklər yaradılıb, suvarma aparılır, nəzarət var. O zamanlar hərə bir ağac əkirdi, amma qulluq edən yox idi. Lakin indi dövlət vəsait ayırıb, müəyyən şəxslər məsuliyyət daşıyır. Ölkəmiz müharibə şəraitində olmasaydı, özünün meşə örtüyü ərazilərini daha çox artırardı.
Meşə yanğınlarının qarşısını almaq daha önəmlidir. Yeni meşələrin salınması vacib olsa da, onların qorunmasına diqqət ayırmaq daha öndə olan məsələdir.
- Meşə yanğınları qarşıdakı illərdə təbiət üçün hansı təhlükələrə səbəb ola bilər?
- Azərbaycanda bu istiqamətdə böyük işlər görülməlidir. Bakıda Nizami rayon İcra Hakimiyyətinin qarşısı şam ağacları idi, lakin indi yerində ticarət mərkəzləri tikilib. Bunun qarşısı alınmalıdır. Hər bir ağac qorunmalıdır. Keçmiş ittifaq dövründə meşələrdə bütün ağaclar nömrələnir, kitabda qeydiyyata alınırdı.
Hesab edirəm ki, eyni sistem yenidən tətbiq olunmalıdır. Müharibəni başa çatdırmışıq, indi meşələrin qorunmasına vəsait ayrılmalıdır. Meşəyə sərf olunan xərc dolayı yolla xeyir verir.
Mən dəfələrlə dəyirmi masalarda bildirmişəm ki, ETSN-nin tərkibində ekoloji polis yaradılmalıdır. Meşəbəyilər meşəni qoruya bilmir. Bəzən meşbəyilər özləri meşələrin məhv olunmasında ən böyük rol oynayırlar. Ekoloji polis bu kimi hallarda məsuliyyət daşımalıdır.
- Qarşıda iqlim dəyişikləri ilə bağlı bizi hansı proqnozlar gözləyir?
- Bu gün qlobal istiləşmə haqqında çox yazırlar. Amma beynəlxalq miqyasda tanınmış, görkəmli alimlərimiz deyirlər ki, bizi qlobal istiləşmə yox, qlobal soyuqlaşma gözləyir. Artıq bu proses başlayıb. Qlobal istiləşmə başlayanda çaylardan, dənizlərdən, okeanlardan buxarlanan su atmosferə qalxır. Yağış nəticəsində dövran edir. Dövran olmasa, həyat mümkün deyil.
Nə qədər qlobal istiləşmə çox olsa, o qədər yağışlar olacaq. Məsələn, Lənkəran subtropik zonadır. Orada yağan yağışın miqdarı buxarlanan suyun miqdarından çoxdur. Oradakı subtropik zonanın əmələ gəlməsinə səbəb də meşə örtüyüdür.
Azərbaycanın meşə örtüyü 10 faiz yox, 30 faiz olmalı idi. Biz bunu edə bilsəydik ölkəmizdə istiləşmə prosesi olmazdı.