24 Oktyabr 2022 14:09
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagirdlərə tətbiq olunacaq qadağaları Elm və Təhsil Nazirliyi hələ qəbul etməyib, bu, sadəcə ictimaiyyətin müzakirəsinə çıxarılıb. Qadağalarla bağlı qərar verilsə, 2023-ci ilin yanvarından etibarən, şagirdlər qış tətilindən qayıdandan sonra onun tətbiqinə başlanacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, son dövlər şagirdlərin məktəb geyimlərindən tamamilə kənara çıxma halları geniş yayılıb:

“Təbii ki, bunu bütün şagirdlərə şamil etmək olmaz, amma xüsusən yuxarı siniflərdə təhsil alanlar məktəbli geyimi ilə bağlı qaydalara riayət etmir, qızlar makiyajda, oğlanlar saçı uzun, saqqallı məktəbə gəlirlər. Bu isə onların təhsildən yayınmalarına, fərqli zövqlərin formalaşmasına gətirib çıxarır. Bu hallar şagirdlərin ali məktəblərə qəbul nəticələrinə də təsir göstərir. Bir sinifdə 30-35 şagird təhsil alırsa, onun təxminən 5-10 nəfəri ali məktəbə qəbul olur. Məktəblərdəki neqativ halların bəzi səbəblərindən biri də budur”.

Elçin Əfəndi qeyd edib ki, şagirdlərin təhsilə meylini artırmaq üçün bu cür qadağaların tətbiqinə ehtiyac var: “Bir müddət əvvəl bir valideyn şikayət eləmişdi ki, oğlan övladının saçının uzunluğuna görə müəllim ona qız kimi müraciət edib. Yəni estetik görünüş fərqliliyi bəzən müəllimin də yanlış istiqamətlənməsinə səbəb olur, bir çox hallarda şagirdlərin biri-birinə qarşı bullinqi, şiddətə məruz qoymaları ilə nəticələnir.

Son zamanlar məktəblilərin geyimində tamamilə yad tərzin şahidi oluruq. Təhsil müəssisəsində şagird yalnız təhsillə məşğul olmalıdır, onlar toya, ziyafətə deyil, axı məktəbə gəlirlər. Qısa ətək qadağası ilə bağlı müzakirələr var, təbii ki, deyə bilmərik Avropada, yaxud Türkiyədə elə geyinilmir. Elə geyim tərzi var ki, şagirdlərin bir-birinə yersiz söz atmacalarına səbəb olur, bu da dərsin pozulması ilə nəticələnir. Bu qadağa şəxsin azadlığını əlindən alınması kimi qəbul olunmamalıdır. Bütün bunlar nəzərə alınaraq beynalxalq standartlar, Avropa ölkələri, qardaş Türkiyənin təhsil sisteminə əsaslanan 8-9 punkdan ibarət qadağalar hazırlanır. İctimaiyyətdən rəy alınandan sonra qəbul olunacaq və gələn ildən tətbiq ediləcək”.

Qeyd edək ki, çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksessuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj və saqqalla məktəbə giriş qadağası təklif olunur.


Müəllif: Günel Alıyeva

Oxşar xəbərlər