18 Avqust 2023 17:17
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Teleqraf.com xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov avqustun 18-də Yevlax Suvarma Sistemləri İdarəsinin inzibati binasında Yevlax, Mingəçevir və digər rayonlardan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Vətəndaş müraciətindən öncə sədr Zaur Mikayılov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər