Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sabunçu rayonu, Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə suyun talanması faktı müəyyən edib.
Bu barədə Teleqraf.com-a Agentlikdən bildirilib.
Məlumata görə, obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan içməli sudan qeyri-qanuni şəkildə istifadə edib.
Ramana qəsəbəsi, südçülük sovxozu Elşən Məhərrəmov küçəsində yerləşən “Kabel sexi”ndə də analoji vəziyyət aşkarlanıb. Sahibkar yaxınlıqdan keçən su xəttinə özbaşına birləşmə edərək, içməli sudan qanunsuz istifadə edib. Həyata keçirilən nəzarət tədbirləri zamanı Sabunçu – Zabrat yolu üzərində yerləşən dekorativ ağacların satışı məntəqəsində də içməli sudan qanunsuz istifadə halı aşkarlanıb. Obyekt sahibinə qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilərək su təchizatının dayandırılmasına baxmayaraq, o yenidən özbaşına xəttə qoşulub. Maştağa qəsəbəsi, Tavaylıq massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Evlərin tikintisi ilə məşğul olan maklerlər magistral su kəmərindən qanunsuz olaraq 40 mm diametrli borularla su xətti çəkib və evlərə birləşmə verib. Sudan qanunsuz istifadəyə görə evlərin su təchizatı dayandırılsa da ev sahibləri kəsilən su xəttini birləşdirərək içməli sudan qanunsuz istifadəni davam etdiriblər. Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC üzrə 12 219, Sabunçu rayonunda isə 3 156 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.