3 Oktyabr 2023 15:20
3 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihənin I mərhələsi yekunlaşıb.

"Report" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində Pirəbbə, Aşağı Surra, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcalı, Boyat, Bala Surra, Qaraqaşlı, Şorkənd, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Yenikənd, Qırmızı Şəfəq, Mayak 1, Mayak 2, Şirvanlı, Yeni Qışlaq, Haqverdili, Mikayıllı, Qızqayıtlı, Dalğalı, Sarıqamış, Sahiloba kəndlərinin və Bankə qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb. Şirvan-Muğan qrup su kəmərindən 2020-ci və 2023-cü illərdə Neftçala rayonuna çəkilmiş 2 magistral su kəməri rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təminatı üçün əlverişli imkan yaradıb. Hazırda yeni yaradılmış infrastrukturdan 18 yaşayış məntəqəsinə çıxışlar verilib və daşıyıcı su xətləri çəkilib. Hazırda həmin kəndlərin su təchizatı ümumi istifadə üçün quraşdırılmış bulaqlar hesabına aparılır.

Eyni zamanda magistral kəmərlərdən uzaqlıqda yerləşən 9 yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması üçün 5 ədəd subartezian quyusu qazılıb, quyu sularının keyfiyyətinin standartlar səviyyəsinə çatdırılması məqsədilə 6 ədəd əks osmos tipli qurğu quraşdırılıb. Layihə çərçivəsində Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb və 1 700 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdılıb. Hazırda qəsəbə sakinləri keyfiyyətli içməli su ilə təmin olunur.

Ümumilikdə icra olunan layihələr çərçivəsində Neftçala rayonunun kənd və qəsəbələrində 90 km olan içməli su xətləri inşa edilib. Layihə çərçivəsində 30 minədək kənd sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilib.

Layihənin növbəti mərhələsində Neftçala rayonunun 11, eləcə də Salyan rayonunun 6 kəndinin içməli su təchizatının yaxşılaşdısrılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən yeni magistral su kəmıri inşa ediləcək. Artıq bu layihə üzrə tender proseduru yekunlaşıb və yaxın günlərdə tikinti işlərinə başlanılacaq.

Layihə icra olunana qədər Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təchizatı Kür çayından və suvarma kanallarından götürülərən su hesabına aparılırdı. Yay aylarında Kür çayında su səviyyəsinin azalması və keyfiyyətinin pisləşməsi səbəbindən qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. Buna görə də modul qurğuların su təminatı sudaşıyan maşınlarla ödənilirdi.

Xatırladaq ki, hazırda Şirvan-Muğan qrup su kəmərindən Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərləri və 24 kənd keyfiyyətli içməli su ilə təmin olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər