13 Oktyabr 2023 16:20
3 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlərin icrasına başlayıb.

Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, payız-qış mövsümündə yağış-kanalizasiya şəbəkələrində yarana biləcək fəsadların qarşısını almaq məqsədilə kompleks tədbirlər icra olunur. Agentlik tullantı su sistemlərinin istismar vəziyyətini təftiş edir, baxış quyuları, kollektorlar və xətlər bərk məişət tullantılardan təmizlənir.

Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Bakının Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində aparılmış təftiş-qiymətləndirmə işləri nəticəsində subasma riskləri yüksək olan ərazilərdə baxış quyuları, kanalizasiya kollektorları və xətləri, eləcə də yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənərək onların tam ötürücülük qabiliyyəti təmin olunur.

Payız-qış mövsümünə hazırlıqlar çərçivəsində 5 km daşıyıcı kollektorun, 40 km tullantı, 23 km yağış su şəbəkələrinin yuyulması, 4 minədək kanalizasiya baxış quyusunun, 3 min yağış barmaqlığının təmizlənməsi nəzərdə tutulub. Eyni zamanda kanalizasiya nasos stansiyalarında 13 ədəd nasosun quraşdırılması və 2 km tullantı su xətlərinin dəyişdirilməsi planlaşdırılıb. İndiyədək 2 km uzunluğunda kollektorun, 20 km tullantı, 11 km yağış suları xətlərinin yuyulması təmin edilib. Eyni zamanda 2 100 baxış quyusu və 1 800 yağış barmaqlığı təmizlənib.

Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.

Tədbirlər Planına uyğun olaraq kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda təmir-sazlama işləri aparılır. Bununla yanaşı, Abşeron yarımadasındakı Böyükşor, Xocasən, Qu, Taşağıl, Masazır, Qotur, Bülbülə göllərində suyun səviyyəsi qiymətləndirilib, həmin göllərə xidmət edən nasos stansiyalarının iş rejimi buna uyğun təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər