Bu il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 813 min 531 abonent içməli və tullantı su xidməti istifadəçisi kimi qeydiyyata alınıb ki, bu da illik müqayisədə 4,7 % çoxdur.
Teleqraf.com Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, abonentlərin 1 milyon 741 min 155-i və yaxud 96 %-ni əhali, 72 min 376-sı və yaxud 4 %-ni isə qeyri-əhali qrupudur.
Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 4,6 %, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 6,7 % artıb.
"Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib", - deyə məlumatda qeyd olunub.
"Abonentlərinin 89,5 %-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 %, qeyri-əhali qrupu üzrə isə 96,5 % təşkil edir", - deyə agentlik bəyan edib.