2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4 milyon 95 min 370 nüsxə dərslik və metodik vəsait çap olunub. O cümlədən, ilk dəfə kurikulumun tətbiq olunduğu VIII siniflər üçün 70 adda dərslik və müəllimlər üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.
Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.
Başa çatmaqda olan tədris ilində Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsini həyata keçirib. Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir. Bu çərçivədə 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq.
Çapa verilməzdən öncə dərslik layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud [email protected] elektron poçtuna göndərməklə bildirmək olar.
İlhamə ƏBÜLFƏT