4 İyul 2016 19:11
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-3-də “Ata Travel”, “Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan”a sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün iki günlük info-tur təşkil edilib.

İnfoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

Öncə media nümayəndələri və turizm şirkətlərinin mənsubları 5 ildir yeni təmirdən çıxmış halda fəaliyyət göstərən müasir sağlamlıq və istirahət mərkəzində turistlər üçün yaradılmış müxtəlif imkanlar və orijinal müalicə prosedurları ilə ətraflı tanış oldular.

Şəfaverici naftalan və effektiv müalicə

Hazırda kompleks tibb və hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya, dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz və stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, pasientin Naftalan müalicəsi zamanı əks-reaksiyanın baş verib-verməyəcəyi müəyyənləşdirilir. Əgər naftalan müalicəsinə əngəl yaradan xəstəliklər aşkar olunmasa, pasient müalicə olunur.

Kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə ən müasir avadanlıqlarla təchiz edilib, rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var. “Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannası mövcuddur.

Mərkəzləşdirilmiş sistem vasitəsilə 36-38 dərəcə temperaturda Naftalan nefti vannalara doldurulur. Xəstə vanna otaqlarına həkimin nəzarəti altında daxil olur. Naftalan vannası qəbulu zamanı xəstə özündə əks-reaksiyalar hiss edərsə, çağırış düyməsini basmaqla həkimə məlumat verə bilər. Müalicə zamanı heç bir əskiklik olmadığı halda pasient 10 dəqiqə vannada qaldıqdan sonra çıxıb təmizlənir.

Naftalan nefti ilə normal müalicə kursu 21 gündür. Bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.

Chinar Hotel & Spa Naftalan kompleksi 20 hektar bir ərazidə yerləşir. Kompleksin həyətyanı sahəsi yaşıllıq içərisindədir. Ərazidə qonaqların dincəlmələri və əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını və onunla müalicəni özündə əks etdirir.

“Chinar Hotel & Spa Naftalan” kompleksində hazırda 170 nəfər işlə təmin olunub. Hoteldə rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və tay dilində danışa bilən işçilər çalışır.

Naftalana gələn xarici turistlərin sayı artır

İnfo-tur iştirakçıları üçün daha sonra hotelin fəaliyyət imknlarına həsr olunmuş mətbuat konfransı keçirildi.

“Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı konfransda bildirdi ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb: "Artıq 5 ildir bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən-ilə bu turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi və daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bu da daha çox turist cəlb etməyə şərait yaradır. Bu ildən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi də bu qəbildəndir”.

O da qeyd edildi ki, istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün cəlbedici paketlər təklif edilir. Məsələn, iki həftəlik paket, müalicə ilə yanaşı gündə 3 dəfə yeməyi də ehtiva etməklə 59 manat təşkil edir.

“Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır”

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd etdi ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medanın rolu olduqca artıb: “Media turizm sahəsində baş verən yenilikləri və bütün istiqamətlərdə problemləri qabardır və müzakirəyə çıxarır, cəmiyyəti və müvafiq qurumları məlumatlandırır. Həmçinin Prezident tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman və qərarların verilməsi də sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır”.

Ruslan Quliyev onu da bildirdi ki, son dövrlərdə bir sıra qurumlar da turizmin inkişafına ciddi töhfələrini verirlər: “Xüsusən ölkədə “AtaHolding” və “Ata Travel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Həmçinin bu sahədə gənc kadrların hazırlanması, ölkə daxilində və xaricə, eləcə də xaricilər üçün Azərbaycana info-turların təşkil edilməsi və sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”.

Ruslan Quliyev onu da bildirdi ki, sözügedən hotel ölkədə və regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımdan önəmli yer tutur. BƏƏ, Rusiya, Avopa, Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından da çox işlər görülüb: “Qərb, Türkiyə və körfəz ölkələrində də Naftalanın tanıdılması üçün işlər gücləndirilir. Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır. Bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi də zəruridir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək.

Ölkənin bu sahədə ən böyük kapitalı sabitlik, təhlükəsizlikdir, bu gün dünyanın ən məşhur turizm məkanlarında bu sahədə problem olduğu halda, bizdəki təhlükəsizlik və sabitlik imkanlarından lazım olduğu səviyyədə yararlanmalıyıq”.

Naftalan rayon mədəniyyət şöbəsinin müdiri Zöhrab Adıgözəlov isə bildirdi ki, Bakıdan 330 km məsafədə yerləşən Naftalanda 2017-ci ildən hava limanının təmirinə başlanacaq: “Həmçinin Gəncədəki hava limanından bura məsafə yaxındır. 10 min nəfərlik kurort şəhəri olan Naftalanın sövet dönəmindəki şöhrətini qaytarmağı və daha da artırmağı qarşıya məqsəd qoymuşuq”.

O da qeyd edildi ki, Naftalana ötən il 20 min turist gəlib, onlardan 4800 nəfəri xarici turist olub. Bu ilin 5 ayında 5000 turist gəlib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım var. Bu ilin 5 ayı ərzində gələn turistlərdən 900 nəfərə qədəri xarici turistlərin payına düşür.

“AtaHolding” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə bildirib ki, təmsil etdiyi şirkət və “AtaTravel” daim Azərbaycan turizminin inkişafına dəstəyini və töhfələrini artırmağa çalışır: “Xaricdə Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər