11 İyul 2016 08:52
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində Şamaxı rayonunda maarifləndirmə tədbirini keçirib.

Maarifləndirmə tədbiri Şamaxı rayonu “Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi”ndə təşkil edilib. Tədbirdə tibb işçiləri, sosial işçilər, müəllimələr, kitabxana işçiləri və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak ediblər. 36 nəfəri xanımın iştirak etdiyi tədbir interaktiv keçmiş, iştirakçılar aktiv müzakirələrə qoşulublar.

Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verdi.

M.Vəzir bəşəriyyət boyu qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və müasir dövrdə də texnologiya vasitəsilə qadınların dünyaya gəlmədən məhv edilməsinin faciəvi bir hal olmasından danışdı. Qeyd olundu ki, selektiv abortlara görə Azərbaycan dünyada ikinci yeri tutur. Ümumiyyətlə məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı.

Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi. Xüsusilə məruzəçi selektiv abortun qarşısının alınması üçün maarifləndirmənin vacibliyini vurğuladı. M.Vəzir daha çox oğlan doğulmasının heç də təsadüfi olmadığını vurğuladı.

Daha sonra layihənin digər məruzəçisi Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini bildirdi. Qeyd olundu ki, hamiləliyin süni dayandırılması qanunla yalnız hamilə qadına məxsusdur. Digər şəxslərin müdaxiləsi qanun pozuntusudur.

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları sırasında olan ginekoloqlar qadınlarla bu mövzuda söhbətlər apardıqlarını da bildirdilər. Qeyd olundu ki, daha çox qadınlar həyat yoldaşı tərəfindən bu addımı atmağa məcbur edilirlər. Xüsusi olaraq Qusar rayonunda bu mövzuda davamlı tədbirlərin zəruriliyi qeyd olundu.


Müəllif:

Oxşar xəbərlər