Cari ilin ötən dövründə 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin edilib.
Bunu Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev ünvanlı dövlət sosial yardımların təyinatında neqativ hallara yol verilməsi səbəbindən dayandırılacağı ilə əlaqədar məlumatlarla bağlı açıqlamasında deyib.
E.Babayev qeyd edib ki, ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulması, bu sistemin tam şəffaflaşdırılması yönündə aparılmış uğurlu islahat tədbirini məqsədli şəkildə gözdən salmağa, ləkələməyə çalışırlar: "Guya ünvanlı dövlət sosial yardımlarının təyinatında neqativ hallara yol verilməsi və bu səbəbdən bu yardım proqramının dayandırılacağı barədə məlumatlar böhtan xarakteri daşıyır”.
E.Babayev bildirib ki, Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial MüÜdafiəsi Nazirliyi tərəfindən cari il fevral ayının 15-dən tətbiqinə başlanan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin tam şəffaf şəraitdə həyata keçirilməsini təmin edir:
"Bu sistem aztəminatlı ailələrin bu sosial yardım növündən heç bir məmur müdaxiləsi mümkün olmadan, tam şəffaf şəraitdə faydalanmasına imkan verib. Ünvanlı sosial yardım üçün müraciətin edilməsi, bu müraciətə baxılması, yardımın təyin olunub-olunmaması barədə qərar verilməsi, hətta bu qərar barədə vətəndaşın məlumatlandırılması prosesi tam avtomatlaşdırılmış qaydada yerinə yetirilir. Yəni ünvanlı sosial yardım təyinatı prosesində heç bir məmur, ümumiyyətlə, insan faktoru işirak etmir və bu mümkün də deyil. Belə olan halda ünvanlı sosial yardımların təyinatında hansısa korrupsiya halına yol verildiyini yazmaq cəmiyyətə bilərəkdən yalan məlumat verməyə, bu gün beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən müasir və şəffaf bir sistem barədə məqsədli şəkildə böhtan yaymağa, mənfi ictimai fikir formalaşdırmağa hesablanıb”.
E.Babayev hazırda ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin normal qaydada fəaliyyət göstərdiyini qeyd edib: “Cari ilin 15 fevralından tətbiqinə başlanılan bu sistem tərəfindən ötən müddətdə 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin edilib. Bu təyinatların heç birində insan faktoru iştirak etməyib. Ümumiyyətlə, ünvanlı sosial yardım təyinatı üçün hansısa məmura deyil, məhz elektron qaydada müraciət edilir. Burada məmur-vətəndaş təması qətiyyən baş vermir və mümkün deyil”.
Ünvanlı sosial yardım alanların sayının qəsdən şişirdildiyini bildirən E.Babayev diqqətə çatdırıb ki, yardımların ödənişi də hər ay normal qaydada davam etdirilir.
Guya ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə qeyd edilənlərə gəldikdə isə, E.Babayev bunun da heç bir əsası olmayan məlumat olduğunu və bilərəkdən ictimai fikri çaşdırmağa xidmət etdiyini vurğulayıb: “Artıq dəfələrlə məlumatlar verilib ki, özünüməşğulluq proqramının icrası ünvanlı sosial yardım proqramının dayandırılmasına dəlalət etmir və hər iki proqram paralel şəkildə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına aztəminatlı ailələrin özünüməşğulluğuna şərait yaradılacaq.
Hansı ailələr ki, ailə üzvlərinin əmək potensiaları, işləmək, gəlir əldə etmək imkanları var, onlar seçiləcək, onlar üçün kiçik ailə təsərrüfatları yaradılmaqla, onların özünüməşğulluğu təmin ediləcək. Artıq yaxın vaxtlarda belə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması, yəni onlar üçün kiçik ailə təsərrüfatlarının yaradılması istiqamətində praktik işlərə başlanılacaq. Lakin hansı ailələr ki, qeyd edilən əmək potensialları, yəni özünüməşğulluq proqramına cəlb edilmək üçün imkanları yoxdur, onların ünvanlı dövlət sosial yardımları ilə təmin edilməsi prosesi davam etdiriləcək. Ona görə də ünvanlı dövlət sosial yardımı proqramının ləğv olunacağı barədə cəmiyyəti çaşdırmağa yönələn məlumatların heç bir əsası yoxdur”.