30 Sentyabr 2016 16:05
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

1923-cü il

Sovet hakimiyyətinin ilk günlərindən səhiyyənin təşkili və tibbi xidmətin keyfiyyəti Azərbaycan hökumətinin xüsusi əhəmiyyət verdiyi çoxsaylı sahələrdən birinə çevrilir. Qəzetlər də tez-tez bu sahədəki çatışmazlıqların tənqidinə yer ayırır.

27 sentyabr tarixli nömrəsində “Baakinski Raboçi” qəzeti “Culfa yolunda sanitar titrətməsi” başlıqlı yazı dərc edir:

“Heç kəsə Bakı-Culfa yolunda xəstələnmək qismət olmasın. Xəstələri şəhərə sanitar vaqonunda yollayırlar. Bu, balaca, xəstələri daşımaq üçün qətiyyən uyğun gəlməyən yük vaqonudur. Vaqonda iki yataq yeri və iki skamya var. Yol gedəndə elə titrəmə olur ki, sağlam adam da, xəstə də nə otura, nə uzana, nə də ayaq üstə dayana bilir. Xəstənin hansı əzablardan keçdiyini təsvir etməkdə gücsüzük”.

1927-ci il

Qəzet özünün 26 sentyabr sayında Xəzərdə baş verən qəzadan söz açır. Dənizdə “Vəzirov” və “Katayama” paroxodları toqquşub. “Katayama” Petrovska reyddən boş qayıdırmış, “Vəzirov” isə yüklə dolu reydə çıxıbmış. Toqquşma gecə saat 3-də və dumansız havada baş verib. “Vəzirov”un zədələri azdır və o, reydi davam etdirəcək, ancaq “Katayama” təmirə dayanmalı olub. İnsan itkisi yoxdur və qəzanın təfərrüatlarını xüsusi yaradılmış komissiya araşdıracaq.

1937-ci il

Sentyabrın 28-də “Bakinski Raboçi”nin səhifələrində o dövrün siyasi ab-havasını adekvat əks etdirən və “Düşmənləri tanıyaq və onları amansızlıqla darmadağın edək” başlıqlı məqalə dərc olunur. Məqalənin müəllifi Karl Marks adına elektrik idarəsinin partiya komitəsinin üzvü F.Filillevdir.

O yazır: “Lenin rayonundakı Karl Marks adına elektrik idarəsiində qəddar xalq düşmənləri fəaliyyət göstərirdilər. Onlar aldatma yolu ilə rəhbərliyi ələ almış və maskalanaraq ziyan vururdular. Partiya komitəsi bu düşmənləri görmürdü, kommunistlər partiya işinə cəlb olunmurdu. Yalnız partiya komitəsi yenidən seçiləndən sonra xalq düşmənləri ifşa olundu və vəziyyət kəskin dəyişdi. Yeni partiya komitəsindən mənə fəhlələrlə söhbətlər aparmaq, Ələt elektrik şəbəkəsindəki kommunistlərlə siyasi məşğələlər aparmaq tapşırığı verildi... Ancaq partiya komitəsinin işində hələ də ciddi nöqsanlar qalır. Əsl iş yenicə başlayıb. Onu yorulmadan aparmaq lazımdır ki, partiya işində yeni-yeni bolşevik kadrlar, təşkilatçılar, təbliğatçılar, təşviqatlar yetişsin. Onlarda xalqın qəddar düşmənlərinə qarşı nifrət tərbiyə etməliyik. Onları xalq düşmənlərini tanımağa və barışmazlıqla darmadağın etməyə öyrətməliyik”.

1939-cu il

Sentyabrın 27-də qəzet ölkədə tütünçülüyün inkişafından yazır. Azərbaycanın tütün becərilməsi ilə məşğul olunan 12 rayonunda məhsul yığımı uğurla davam etdirilir və artıq plan 90,8 faiz yerinə yetirilib. Ən irəlidə Nuxa rayonu gedir - orada illik plan 118,5 faiz yerinə yetirilib, Qutqaşın rayonunda isə həmin rəqəm 108 faizdir. Həmçinin iri tütünçülük rayonları olan Zaqatala və Balakəndə də plan dolmaq üzrədir. Sentyabrın 20-nə qədər olan məlumata görə, məhsulun ümumi həcmi 36,9 milyon ip-metrdir ki, bu da ötən illə müqayisədə 9 milyon ip-metr çoxdur.

Qəzet elə həmin nömrəsiində Nuxada kənd təsərrüfatının vəziyyətindən yazır. Son iki ayda rayonun 24 kolxozunda qoyunçuluq, 27 kolxozunda isə süd fermaları təşkil olunub. Kiş kəndindəki Kirov adına kolxozda ilk dəfə olaraq donuz saxlamağa başlayıblar. Əksər kolxozlar artıq qışa hazırdırlar və silos tədarükü planını artıqlaması ilə yerinə yetiriblər.

1959-cu il

“Bakinski Raboçi” 28 sentyabr nömrəsində Bakıda keçirilən topdansatış yarmarkasına yazı həsr edir: “Moskva və Leninqradın, Sibir və Orta Asiyanın, Gürcüstan və Ermənistanın iri ticarət təşkilatları onlara Bakıda sentyabrın 29-dan oktyabrın 2-sinə qədər keçiriləcək Respublikalararası topdansatış yarmarkasında yer ayrılmasını xahiş edirlər”. Yarmarkaya bütün Sovet respublikalarından yüzlərlə təşkilat dəvət olunub.

Qəzet yazır: “Təkcə bu il ərzində Azərbaycanın ticarət təşkilatları respublikalararası topdansatış yarmarkalarında 225 milyon manat məbləğində müxtəlif əşyalar alıb. O cümlədən, buraya 2,9 milyon manat məbləğində televizorlar, 16,5 milyon manat məbləğində saxsı və şüşə qablar, 41,4 milyon manat məbləğində ərzaq malları daxildir. Bakıdakı topdansatış yarmarkası Şaumyan rayonundakı Mədəniyyət sarayında fəaliyyət göstərəcək və 1000 kvadrat metrdən çox ərazidə yerləşəcək”.

1965-ci il

Sənaye və kənd təsərrüfatının sözdə yox, əməldə inkişafı Sovet quruluşunun bütün dövrü üçün xarakterik xüsusiyyətdir. Sentyabrın 29-da qəzet Bakıdan kənarda yerləşən yeni müəssisələrin nailiyyətlərindən söz açır.

“Kirovabad taxıl kombinatı yay təmirindən sonra özünün ilk məhsulunu - un və kombinə olunmuş yem istehsal edib. İndi kombinat hər gün ötən ildəkindən 20 dəfə çox məhsul buraxacaq”. Yaxud: “Ləki pambıq təmizləmə zavodunun kollektivi yeni məhsuldan ilk 400 ton pambıq lifini Rumıniyaya yola salıb. Bu, yeni mövsümdə ilk məhsul ixracıdır. Zavod kollektivi bu il ərzində Polşa və Rumıniyaya 1400 ton pambıq lifi göndərəcək”.

Elə həmin nömrədə Azərbaycan dəmir yolları idarəsinin Xaçmaz stansiyasının işindən də bəhs olunur. Stansiyadan hər gün Moskva, Leninqrad, Riqa, Çelyabinsk və digər şəhərlərə tərəvəzlə dolu onlarla vaqon yola salınır. Stansiyanın kollektivi illik planı noyabrın 15-nə kimi yerinə yetirmək barəsiində öhdəlik götürüb.

1975-ci il

30 sentyabr tarixli nömrəsində “Bakinski Raboçi” vunderkind-tələbə Nela Sadıxovadan söz açır. Onun 14 yaşı var və Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə statistikası fakültəsinin birinci kursunda təhsil alır. O, birinci sinfə 4 yaşında gedib - artıq bu yaşda yazmağı, oxumağı və vurma cədvəlini bilir, gözəl rəsmlər çəkirdi. Bütün bunları o, atasının - Tovuz rayonunun Ağdam kəndində orta məktəbin tarix müəllimi çalışan Ələkbər Sadıxovun sayəsində öyrənib.

Yazı müəllifi qeyd edir: “Artıq ilk seminarlar arxada qalandan sonra əminliklə demək olar ki, 14 yaşlı tələbə təhsil bacarıqlarında öz həmkurslarından heç nə ilə fərqlənmir. Üstəlik, o, ictimai vəzifədə də daşıyır - qrupun həmkarlar təşkilatının sədridir”.

Hesablasaq, Nela Sadıxovanın hazırda 56 yaşı olmalıdır. Heyf ki, vunderkindin sonrakı bioqrafiyasından məlumatımız yoxdur.

1985-ci il

“Bakinski Raboçi” özünün 29 sentyabr sayında Moskvada Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş sərginin açılışından “Rəsmlərin dili ilə” adlı məqalə dərc edir. Söhbət Azərbaycan arxitektoru Elturan Avalovun bədii qrafikasından ibərət əsərlərdən gedir.

Müəllifin yazdığına görə, bu sərgi Moskva ictimaiyyətinin Elturan Avalovun bədii qrafikası ilə ilk tanışlıq imkanıdır. 100-ə qədər sənət işinin nümayiş etdirildiyi sərgidə mərkəzi mövzu Üzeyir Hacıbəyovun əsərləridir. Peşəcə arxitektor olan Avalov öz fəaliyyətini təsviri incəsənətlə məşğul olmaqla uzlaşdırır.

Əlavə edək ki, 1943-cü ildə Bakıda anadan olmuş Eldəniz Avalov hazırda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rəssamlar və arxitektorlar ittifaqlarının üzvü, Memarlıq və İnşaat Universitetinin “Təsviri incəsənət” kafedrasının müdiri, “Şuşa şəhərinin arxitektourası” (1977) və bir neçə kitabın müəllifidir...


Müəllif:

Oxşar xəbərlər