Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri Şahin Şıxlinskinin maliyyə dəstəyi ilə Qazax rayonunun İkinci Şıxlı kəndində beynəlxalq avtovağzal kompleksi inşa olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın Azərbaycana sərmayə qoyması çağırışına uyğun olaraq həyata keçirilib.
Azərbaycanın qərb qapısı Qazax rayonun İkinci Şıxlı kəndi ərazisində istifadəyə verilən müasir standartlara uyğun beynəlxalq avtovağzal kompleksi nəqliyyat vasitələrinin fəaliyyətinin tənzimlənməsində, eləcə də şəhərlərarası və beynəlxalq daşımalarda əhəmiyyətli rol oynayacaq. Buradan Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Gürcüstana və Türkiyəyə də müntəzəm reyslərin açılması planlaşdırılır. Müasir memarlıq üslubunda tikilən ikimərtəbəli kompleksdə gözləmə zalı, ana və uşaq otağı, sürücülərin istirahət otağı, bilet kassası, tibbi müayinə otağı fəaliyyət göstərir. Komplekin ərazisində 20 nəfərlik hotel də var. Yeni layihənin istifadəyə verilməsi ilə 120-ə yaxın adam işlə təmin olunub.
Qeyd edək ki, 30 ildir Rusiyanın Yekaterinburq şəhərində yaşayan və çalışan Şahin Şıxlınski eyni zamanda diaspor fəaliyyəti ilə məşğul olub. Ş.Şıxlinski 2004-cü ildən ÜAK Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri, daha sonra ÜAK-ın vitse-prezidenti seçilib. O, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.
Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü kimi də fəaliyyət göstərən həmyerlimiz Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə gorə müxtəlif mükafatlarla təltif edilib. Ş.Şıxlinski 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.
Səxavət