5 Yanvar 2017 16:28
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evlərində təmizlik işi aparmaq, səliqə-sahman yaratmaq istəyənlər müvafiq şirkətlərinə müraciət edirlər. Paytaxtda fəaliyyət göstərən təmizlik şirkətləri ilə əlaqə saxladıq, şərtləri, qiymətləri ilə maraqlandıq.

Pəncərə qiymətə daxil deyil...

“Tərtəmiz” təmizlik şirkətindən bildirildi ki, əvvəlcə evə baxır, sonra qiymət deyirlər: “Əməkdaşlarımız evə gedib, baxır, sonra müştəriyə müvafiq qiymət söylənilir. Aydınlıq üçün bir misal gətirə bilərəm. 117 kvadrat metrlik evi pəncərə və mebel də daxil olmaqla 200-250 manata təmizləyirik. Təmizlik zamanı istifadə olunan ləvazimatları şirkət təmin edir”.

“Xəzər təmizlik” şirkətindən bildirildi ki, evdə tualet, hamam, qonaq otağı, mətbəxin, eləcə də yumşaq mebelin yuyulub təmizlənməsi işlərini görürlər: “Azərbaycanin bütün bölgələrinə xidmət göstəririk. Evdə yalnız təmizlik işləri görülərsə, otağın 1 kvadrat metrinin qiymət 50 qəpikdən hesablanır”.

“Flower cleaning services” şirkətindən isə dedilər ki, şirkət əməkdaşları evi müştərinin ürəyi istəyən qaydada təmizləyib səliqə-sahman yaradır: “Mənzillərə komanda şəklində 3 əməkdaş göndəririk. Ev sahibinin ürəyi necə istəyirsə, o cür təmizlik işləri görülür. 117 kvadrat metrlik mənzili 3 əməkdaşımız 350 manata təmizləyir. Sahə artıqdırsa, qiymət də artır”.

“Gold haus” təmizlik şirkəti evin kvadrat metrini 1 manata təmizləyir: “Kimyəvi maddələrlə işləyirik, bütün avadanlıqlar, ləvazimatlar şirkət tərəfindən təmin olunur”

“Təmizkom” şirkəti də evin hər kvadrat metrini 1 manatdan təmizləyir, amma pəncərə bu qiymətə daxil deyil: “Yalnız tavan və döşəmə daxil olmaqla evin hər kvadrat metrini 1 manatdan səliqəyə salırıq. Pəncərə təmizlənsə, əlavə pul ödənilməlidir”

Təmizlik şirkəti, yoxsa tanış qadın?

Qadınlar arasında apardığımız sorğudan məlum oldu ki, evlərini təmizlətmək istəyən əksər xanımlar tanışlarının məsləhət bildiyi insanları çağırıb, evlərini təmizlədirlər.

Gülnar Səfərəliyeva deyir ki, tanış qadın həftədə iki dəfə evini təmizləyir: “Rəfiqəmin tanışı bir qadın var. Evimi təmizləmək üçün həftədə iki dəfə onu çağırıram. Hər dəfə 20 manat pul verirəm. Düzü, təmizlik şirkətinə etibar eləmirəm. Oradakı işçiləri tanımıram. Gələr, evdən oğurluq edər, qorxuram. Onlar evi təmizləyəndə gərək özüm evdə olub, onlara nəzarət edəm. Buna vaxtım olmur”.

Rəna Məmmədovanın evinə təmizlik üçün həftədə bir dəfə bir qadın gəlir: “Özüm evdar xanımam, amma evin işin çatdırıb bitirə bilmirəm. Tanış qadın var, gəlir, evi dibdən-bucağa təmizləyir. Ütü işinə də kömək edir. Təmizliyindən xoşum gəlir. Hər dəfə təmizlik işi görəndə 40 manat pul verirəm”.

Oğurluq etməməli, evdə eşitdiyi sözü danışmamalı...

“Primera Cleaning” təmizlik şirkətinin direktoru Valid Əsədov deyir ki, xidmət sahəsi həmişə çətindir, təmizlik sahəsi isə daha çətindir : “Çünki evə, mənzilə gedən əməkdaşlarımız hər dibə-bucağa əl yetirir. Bu deməkdir ki, evin hər yerini görür. Dünyada heç bir şirkət yoxdur ki, evi təmizləyən kiminsə evdən nəyisə oğurlamayacağına zəmanət versin.

Evlərə göndərdiyimiz işçiyə nəzarətçi qoyuruq, hərdən mən özüm də gedirəm. Şirkət olaraq göndərdiyimiz işçinin məsuliyyətini daşıyırıq. Onun getdiyi evdə problem yaransa, bu, şirkət olaraq bizim problemimiz sayılır. Şirkətimizdə əsasən sınaqdan keçmiş işçilər saxlayırıq. Əməkdaşlarımıza 90 faiz güvənirik. Müştərilərimiz arasında bizimlə 10 ildən çox işləyənlər var”.

Direktor deyir ki, şirkətin əsas standartı işi bacarmaqdır: “Qadınlar elə bilir ki, hamısı təmizlik işini bacarır. Halbuki elə deyil. Bəzən əməkdaşımız evi təmizləyir, soyuducunun üstünü silməyi unudur. Soruşanda deyir, əlim çatmadı. Belə işi qəbul etmirik, əməkdaşın bu cür davranışı müştəri itirməyimizə səbəb olur.

Bizim başqa şərtlərimiz də var: xadimə oğurluq etməməli, evi müştəri istəyən kimi təmizləməli, evdə eşitdiyi sözü danışmamalıdır. Mən adam tanıyıram ki, evində lal-kar xadimə işlədir. Bizə müştəri zəng edəndə öz şərtlərini irəli sürür. Məsələn, müştəri var deyir ki, təmizləyici kök olmasın, qoca olmasın və sair. Müştərilərin tələbi həmişə nəzərə alınır”.

Valid Əsədov “Primera Cleaning” təmizlik şirkətinin qiymətlərindən də danışdı: “Təmizlik evin sahəsindən asılıdır. Görüləsi işin həcmindən asılı olaraq, mənzillərin təmizlənməsi kvadrat metrinə görə 1-5 manat arası dəyişir. 30-40 kvadratlıq metrlik mənzil olanda qiyməti bir az baha deyirik. Yerli və xarici şirkətlər, banklar, xəstəxanalar, mehmanxanalar, vilallar, bina evləri, yumşaq mebellərin yuyulması, təmirdən sonra təmizliklərlə bağlı müraciətlər daha çox olur”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər