23 Fevral 2017 10:49
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günah və cinayət bataqlıqları içinə atılmış uşaqlar...

...Onunla sığınacaqda tanış olduq. İndi onun valideyn nəvazişi ilə böyüyən vaxtıdır. Amma nəvaziş hissi bir tərəfə, 12 yaşlı bu qızı valideynləri istəmir və öz doğma anası tərəfindən küçəyə atılıb. O artıq bu yaşında həyatın acımasız üzü ilə qarşılaşıb.

Anama yalvardım ki, məni atma, amma...

12 yaşlı Leyla (ad şərtidir) deyir ki, yaxşı ana uşağını küçəyə atmaz: “Yaxşı ana olsaydı, məni küçəyə atıb, getməzdi (ağlayır). Məni atsa da, onun üçün çox darıxıram. Anam məni küçəyə atanda ona yalvardım ki, məni atıb, getmə. Amma heç bir faydası olmadı... Bir müddət küçələrdə yaşadım, sonra isə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə gətirildim”.

Qızın 12 yaşı var, amma anası onun təhsil almasına heç bir şərait yaratmayıb: “Mən küçəyə atılmaqla yanaşı daim zorakılığa məruz qalmışam. Anam məni ağacla döyürdü, ac saxlayırdı. Anamın mənə etdikləri bununla da bitmir. Anam məni dərsə getməyə qoymadı. Heç bir hərif tanımıram. Ən böyük arzum, təhsil alıb, müəllim olmaqdır...”.

“Ana bu qədər qəddar ola bilərmi?”

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini Vasif Akiflinin sözlərinə görə, ötən il yanvar ayının 25-də şəraiti olmadığı üçün ana övladı ilə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə müraciət edib: “Onlar mərkəzdə reabilitasiya keçdilər. Həmin vaxt ananın şəxsiyyət vəsiqəsinin müddəti bitmişdi, qızın isə doğum haqqında şəhadətnaməsi itmişdi. 12 yaşlı qız Yevlax rayonunda qeydiyyatda idi. Rəsmi məktub əsasında özümün də iştirakımla doğum haqqında şəhadətnamə aldıq. Anasına isə Ağdaş rayonundan şəxsiyyət vəsiqəsi ala bildik. İki ay burada reabilitasiya prosesi keçdilər. Qızın psixoloji vəziyyəti yerində deyildi. Biz onlara diqqət göstərdik və reabilitasiya müddəti bitəndən sonra ana sığınacaqdan getmək istədiyini bildirdi. Uşaq onun qəyyumluğunda olduğu üçün onu da özü ilə apardı”.

Vasif Akiflinin sözlərinə görə, Mərkəzdən çıxandan sonra, ana 12 yaşlı qızını yenidən küçəyə atıb: “Mən onu küçədə gördüm, polislə məlumat verdim, daha sonra sığınacağa gətirdim. Uşaq yenidən reabilitasiya prosesinə cəlb edilib. Uşağın psixoloji durumu normal deyil. Psixoloqlarımız daimi onunla danışır, yadım edirlər. Onu küçəyə atmaq həyatını birbaşa təhlükəyə atmaq deməkdir. Qız pis insanların əlinə düşə bilərdi. Valideynin bu qədər məsuliyyətsiz olması insanı narahat edir. Ana bu qədər qəddar ola bilərmi?! Əksər hallarda biz övladını atan ataları qınayırıq, amma faktdır ki, bu gün bunu edən analar da var. Məncə, bu ictimai qınağa çevrilməlidir ki, digər bu cür analar bu addımdan yayınsınlar”.

Hər il dünyada Leyla (ad şərtidir) kimi on minlərlə uşağın hüquqları pozulur, şiddətə, cinsi zorakılığa məruz qalır, hətta cinayətə qurban gedir. Dünyada milyonlarla uşağın hüquqlarının “çeynəndiyi” vaxtda onların hüquqlarını hər birimiz öyrənib, öyrətməliyik. Uşaq hüquqları dedikdə, onların anadan olduqdan etibarən sahib olduqları təhsilalma, yaşama, fiziki, psixoloji və yaxud da cinsi zorakılığa qarşı qorunma kimi haqların hamısını əhatə edən dünyəvi haqlardır.

Ananı hansı halda cəza gözləyir?

Hüquqşünas İradə Cavadovanın sözlərinə görə, uşağın küçəyə atılması qəbuledilməzdir: “O, uşaqdır, hansısa bir əşya deyil ki, onu küçəyə atasan. Uşağın küçəyə atılması onun ölümün caynağına tərk edilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər. Küçəyə atılan uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz. Hesab edirəm ki, normal psixologiyada olan heç bir ana öz uşağını lazımsız bir əşya kimi zibilxanaya ata bilməz. Bu cür insanlar psixi xəstələrdir”.

İradə Cavadovanın sözlərinə görə, qanunvericilikdə uşaqlarını küçəyə atan valideynlər cinayət məsuliyyətinə cəlb olunur: “Övladını küçəyə atan insanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, onlar 3 ilədək inzibati azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Praktikada bu maddə ilə cəzalanan ailələrin olub-olmadığını dəqiq deyə bilmərəm. Bu, hüquq-mühafizə orqanlarının işidir. Ancaq mən düşünürəm ki, övladını atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar nəticə çıxarsın. Övladını böyütmək istəməyən insanlar uşağını körpələr evinə, internat məktəblərinə verə bilərlər”.

Vəkil Xəyal Bəşirovun sözlərinə görə isə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 143-cü maddəsinə görə, təhlükədə qoyma, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə- üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəyal Bəşirov deyir ki, Konstitusiya 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər bir valideynin borcudur: “Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycanda mövcud praktikaya nəzər yetirdikdə uşaqların hüquqlarının pozulması əsasən boşanmış ailələrdə baş verir və belə hallarda yetkinlik yaşına çatmayan uşaqlar hətta zorakılıqlarla qarşılaşırlar. Boşanma zamanı və ya ailə münasibətləri korlandığında, faktiki olaraq ayrı yaşayan valideynlər azyaşlı uşaqlarını özlərinin ambisiyalarının qurbanına çevirirlər. Bu səbəbdən də bu cür uşaqlar bir çox hallarda güclü psixoloji travma yaşayırlar ki, bu da onların gələcək həyatlarında özünün mənfi təsirini göstərmiş olur. Daha sonra uşaqların aliment hüquqlarında da onlardan ayrı yaşayan valideynləri tərəfindən intensiv olaraq pozuntulara yol verilir. Bu da maddi təminatlarının ödənilməsi ilə əlaqədar olaraq azyaşlıların təhsilinin, sağlamlıqlarının o cümlədən, psixoloji inkişafının axsamasına səbəb olur. Eyni zamanda, boşanmış ailələrdə uşaqların ölkədən çıxarılması ilə bağlı valideynlər arasında narazılıqlar olur və bu səbəbdən də uşaqların istirahət, müalicə və ya təhsillə bağlı istədikləri vaxt ölkədən çıxmaq hüquqları tapdalanır. Azyaşlı uşaqların qanunvericiliyə zidd olaraq əməyə cəlb olunması hallarına da rast gəlinməkdədir ki, bu da onların konstitusion hüquqlarına xələl gətirir və bu cür pozuntulara təəssüflər olsun ki, həmin uşaqların valideynlərinin bilavasitə özləri tərəfindən və ya onların razılığı ilə yol verilir”.

“Tüfeyli həyat yaşayır”

Psixoloq Vəfa Rəşidovanın fikrincə, belə bir hal dərin psixoloji travma deməkdir: “Xüsusən də yeniyetmə yaş dövründə belə bir halın yaşanması daha dərin təsirli olur. Dəfələrlə praktikamda belə hallarla qarşılaşmışam. Deyə bilərəm ki, onların psixoloji olaraq reabilitasiyası üçün uzun vaxt lazım olur... Eyni zamanda, onlar özlərini cəmiyyətdə lazımsız bilirlər və özlərinə dəyər verməyi bacarmırlar. Çünki, güvənləri sarsılmış olur”.

Vəfa Rəşidovanın sözlərinə görə, küçəyə atılan uşaqlar bir müddət sonra sevgi axtarışında olurlar: “Uyğun olmayan insanlarla dostluq, yaxınlıq qurmağa başlayırlar. Hansı ki, həmin insanlar onların güvənlərini bir daha sarsıdırlar. Belə bir halda onlar üçün artıq iki yol qalır. Ya ayağa qalxmaq, ya da tüfeyli həyat yaşamaq. Bu məqamda psixoloji dəstək olarsa, həyata geri dönə bilərlər. Daha çox ailə qurmaqdan qorxur, bəzən də nifrət edirlər, amma, onları atan valideyn haqqında pis fikirlər söyləmirlər”.

Xatırladaq ki, Uşaq hüquqlarına dair beynəlxalq konvensiya da mövcuddur və bu sənəd tarixdə ən geniş qəbul olunmuş sənədlərdən biridir. 20 noyabr 1989-cu il tarixində təsdiq olunan bu konvensiya sayəsində artıq, bütün uşaqların hüquqları qanunla qorunur. Azərbaycan 21 iyul 1992-ci il tarixli və 236№-li qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib.

Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, əmək istismarı, pornoqrafik, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Hər 4 insandan biri 14 yaşından kiçikdir. Mütəxəssislər deyir ki, günahkar uşaq yoxdur, günah və cinayət bataqlıqları içinə atılmış uşaqlar var...

Uşaq hüququ qoruyan və pozan ölkələr

Uşaqlarına hüquqlarının pozulmasına dair beynəlxalq hesabatlara nəzər saldıqda, mənzərənin daha ciddi olduğunun şahidi oluruq. United Nations International Children's Emergency Fund-un (UNİCEF) təqdim etdiyi hesabatda bildirilir ki, hər il 500 milyon ilə 1,5 milyard arasında uşaq ən az 1 növ şiddətə məruz qalır. Hər 5 qız və 13 oğlan uşağından biri cinsi zorakılığa məruz qalır. Dünyada hər 10 dəqiqədə bir yeniyetmə qız şiddətə məruz qalaraq dünyasını dəyişir. Dünyadakı insanların 23%-i bildirib ki, onlar uşaq vaxtı fiziki zorakılığa məruz qalıb. Bunlardan da 16%-i fiziki şiddətə məruz qaldığını bəyan edib. Fiziki qüsurlu uşaqlar digər uşaqlara nisbətən 3,7 dəfə çox şiddətin qurbanı olurlar. Belə uşaqlar digər uşaqlardan 3,6 dəfə çox fiziki istismara, 2,6 dəfə çox isə cinsi zorakılığa məruz qalırlar. Zehni cəhətdən əngəlli uşaqlar digər uşaqlara nisbətən 4,6 dəfə çox cinsi zorakılığa məruz qalırlar. Dünyadakı insan alveri qurbanlarının 33%-i çox təəssüf ki, uşaqlardır. Hər il cinayət nəticəsində öldürülənlərdən 41 min nəfəri 15 yaş altı uşaqlardır. Uşaqlara qarşı ən çox fiziki, cinsi və psixoloji istismar Afrikada qeydə alınır.

Ən çox uşaq hüquqlarının pozulduğu faktı qeydə alınan 10 ölkəni təqdim edirik:

1- Avstraliya: Hər il 50000 uşaq

2- ABŞ: 20000 uşaq

3- Əfqanıstan 18 000 uşaq. Burada uşaqlar xüsusilə terror təşkilatlarının əlinə düşməsin deyə, hökumət mübarizə aparır.

4- Böyük Britaniya: Böyük Britaniyada 18 yaşdan yuxarı kişilərdən hər 200 nəfərdən 1-i pedofildi. Təkcə İngiltərədə 16 min uşağın zorakılığa məruz qaldığı faktı qeydə alınıb. Bunların içində də ən çox cinsi zorakılığa məruz qalıb.

5- Rusiya: Rusiyada hər il 11000 uşağın hüquqları pozulur.

6- Zimbabve: Hökumətin rəsmi rəqəmlərinə görə son 4 ildə 30 mindən çox uşaqlar müxtəlif növ zorakılığa məruz qalıb, hüquqları pozulub.

7-Botsvana: Botsvana Afrikada səhiyyə sisteminin bərbadlığı ilə məşhurdur. Burada hər il ortalama 10 min uşağın hüquqlarının pozulduğu və uşaq ölümlərinin yüksək olduğu qeydə alınır.

8-Hindistan: Dünyada uşaq hüquqlarının pozulması halının gedərək artdığı ölkələrdən biri də Hindistandır. Orada 2001-ci ildə 2000 uşağın hüquqlarının pozulduğu rəsmi qeydiyyata alınıbsa, bu rəqəm ötən il 8 minə yüksəlib.

9-Banqladeş: Banqladeşdə uşaqlar şiddətə, cinsi zorakılığa qeydə alınma çoxluğuna diqqət çəkir. Rəsmi rəqəmlərdə 4000 uşağın hüquqlarının pozulduğu qeyd olunsa da, əkrəs ailələr bu halları gizlədiyi üçün, rəqəmin daha böyük olduğu düşünülür.

10- CAR: CAR təkcə idman yarışlarını təşkil edən ölkə kimi yox, eləcə də, bərbad səhiyyə sistemi və uşaq istismarı ilə məşhurdur. Burada ötən il 3200 uşağın təcavüzə və şiddətə məruz qaldığı qeyd olunub.

Bundan başqa, sizə15 yaşına çatmayan uşaqların çətin şəraitdə və az maaşla işlədiyi ölkələr də təqdim edirik:

1. Eritreya
2. Somali
3. Demokratik Konqo Respublikası
4. Myanmar
5. Sudan
6. Əfqanıstan
7. Pakistan
8. Zimbabve
9. Yəmən
10. Burundi

Bir çox sahədə inkişaf edən Avropada uşaq hüquqlarının qorunmasını qənaətbəxş saymaq olmaz. Təkcə ötən il ərzində Avropa üzrə 15 yaşdan kiçik 18000 uşaq ölüm faktı qeydə alınıb. Onlardan 23%-i müxtəlif növ qəzalar nəticəsində, 21%-i boğulma nəticəsində, 8%-i isə yanğın nəticəsində dünyasını dəyişib.

Uşaq hüquqlarının qorunmasına riayət edən ölkələr isə aşağıdakı kimidir:

1- Lixtenşteyn
2- San Marino
3- Andorra
4- Yeni Zellandiya
5- Monako
6- İsveç
7- Hollandiya
8- Finlandiya
9- İsveçrə
10- Avstriya

Bu siyahıda Azərbaycan 130-cu sıradadır...

Bizim ölkədə də uşaq hüquqlarının pozulması faktları ilə də rastlaşırıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı hesabata görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub.

Milli Uşaq Strategiyası, 3600 zəng...

Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nazirlər Kabinetinə təqdim etdiyi Milli Uşaq Strategiyasında uşaq hüquqlarının pozulmasının qarşısının alınması yolları da göstərilir. Bu strategiya 2015-2025-ci illəri əhatə edəcək: “Milli Uşaq Strategiyası yaxın 10 il müddətinə Azərbaycanda dövlət uşaq siyasətinin prioritetini təşkil edəcək. Strategiyanın hazırlanmasında uşaqların hüquqlarının müdafiəsi mexanizminin hazırkı imkanlarından istifadə edərək onların hüquqlarının tam olaraq müdafiəsini təmin etməkdir. Strategiyada uşaqların mədəni-estetik tərbiyəsinin təşkili, onların inkişafı məsələləri əks olunub. Habelə Strategiya zorakılığa məruz qalan, erkən nikaha sövq edilən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə konkret tədbirləri müəyyənləşdirir, problemlərin həlli yollarını göstərir. Eyni zamanda, Strategiyada uşaq evlərini tərk edən uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasında kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.”

Bəs uşaqlar üçün yaradılan Uşaq “qaynar xətti”nə nə qədər zəng daxil olur və daha çox hansı hadisələr ilə bağlıdır?

Uşaq “qaynar xətti”nin layihə rəhbəri Ruhanə Əhmədova deyir ki, 2016-ci ildə Uşaq “qaynar xətti”nə 3600 zəng gəlib: “Uşaq “qaynar xətti” 2010-cu ildən fəaliyyət göstərir və bu illər ərzində 20 minə yaxın zəng qəbul edilib. Müraciətlər müxtəlif yaş qrupları arasında olur. Daha çox azyaşlı uşaq və yeniyetmələr müraciət edir ki, onların arasında da 9-16 yaşlılar üstünlük təşkil edir. Daha çox ailə daxili problemlər, imtahan qabağı stress, tənhalıq, təhsil, zorakılıqla bağlı müraciətlər edirlər. “Qaynar xətt”ə zəng daxil olan zaman operatorlar tərəfindən həmin zəng digər xidmət sahələrinə yönləndirilir.

Layihə rəhbərinin bildirdiyinə görə, ölkəmizdə Uşaq hüquqları klinikası və məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Uşaq və Gənclər üçün sosial reabilitasiya mərkəzi də fəaliyyət göstərir. “Hər iki mərkəzdə cinayətə meylli, təhsildən yayınan uşaqlarla psixoloq və sosial işçilər məşğul olur. Reabilitasiya müddəti 4-6 aydır. Hansı uşaq həmin müddət çərçivəsində problemi həll edilmirsə, biz onunla 1-2 il mütəmadi məşğul oluruq və uşağı daim nəzarət altında saxlayırıq”.

Layihə rəhbəri deyir ki, telefonda köməklik istəyən uşaqlara da yardım göstərilir: “Psixoloji problemi olan uşaq telefonda danışmaq istəyirsə, psixoloq və sosial işçi onunla təmasa girir. Onlar uşağın digər problemini öyrəndikdə reabitasiya mərkəzlərimizə yönəldirlər. Qeyd edim ki, Gəncədə regional uşaq “qaynar xətt”i fəaliyyət göstərir: “Həmin mərkəzə də müraciətlər daxil olur. Gəncə və ətrafı rayonlardan - Qazax, Tovuz, Şəmkirdən indiyədək 900-ə yaxın zəng daxil olub”.

Uşaqlar bizim gələcəyimizdir, çalışın gələcəyimizi çirkləndirməyin. Heç bir şey gələcəyimizi məhv etməyə səbəb ola bilməz!

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə” mövzusuna dair müsabiqəyə təqdim edilir.

İlhamə Xankişiyeva


Müəllif:

Oxşar xəbərlər