“Son günlər Yasamaldakı “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ gündəmə gəldi. Sonra məlum oldu ki, məscid hüquqi şəxs kimi qeydiyyatdan keçməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.
F.Mustafa deyib ki, dövlət tərəfindən məscidlərə qarşı guya təzyiq olması barədə görüntü yaratmağa çalışırlar: “Elə vəziyyət yaratmağa çalışdılar ki, guya dövlət tərəfindən məscidlərə qarşı təzyiq var. Amma Prezident tapşırıq verib ki, məscid üçün daha yaxşı yer seçilsin”.
F.Mustafa jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında yaranan mübahisəyə də münasibət bildirib: “Mən həmin videoya baxdım. Orada icra başçısı jurnalistə normal şəkildə deyir ki, məsələyə aydınlıq gətirilsin, məlumat veriləcək. Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq azadlığı yox. O videoda icra başçısı jurnalistə sillə vurmur. Yasamalın icra başçısı qıza sillə vurası adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”.
Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən saqqallıların kimliyi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılsın: “Əminəm ki, onlar barəsində araşdırılma aparılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimzi cəsus yuvasına çevrilsin. Bu, məsələ mütləq araşdırılmalıdır”.
Q.Həsənquliyev xanım jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı arasında yaşanan insidentlə bağlı da danışıb.
Deputat bu məsələ ilə bağlı Mətbuat Şurasının monitorinq keçirməsini təklif edib.
Cavad