19 Aprel 2017 12:56
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməlidir. Çünki əksər ölkələrdə bu qanun qəbul edilib. Sadəcə olaraq, siqaret çəkən insanların hüquqları da nəzərə alınmalıdır. Qapalı və açıq məkanlarda xüsusi yerlər yaradılmalı, burada siqaret çəkməyə icazə verilməlidir”.

Bunu Teleqraf.com-a “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini şərh edərkən deputat Rüfət Quliyev deyib.

O, həmçinin qeyd edib ki, filtrsiz siqaretlərin satışı və istehsalı dayandırılmalıdır: “Çünki filtrsiz siqaretlər filtirlilərlə müqayisədə onu istifadə edənlərə 3-4 dəfə çox ziyan vurur. Bundan başqa, Azərbaycanda tütünçülük inkişaf edir. Yaxın 2-3 ildə xaricə tütün ixrac etmək o qədər də real deyil. Ona görə ki, tütünçülüyün özündə bəzi islahatlar keçirilməlidir. Bura tütünün keyfiyyəti, tərkibi, toxumları daxildir. Eləcə də tütünün alıcıları əvvəlcədən tapılmalıdır. Əlbəttə, xüsusi proqram var və ciddi iş gedir. Amma əvvəl istehsal edib, sonra alıcı axtarmayaq. Birinci alıcını tapmaq, bura gətirmək və ona göstərmək lazımdır ki, burada stabillik, iqtisadi dayanıqlıq, xüsusi sahibkarlıq mühiti var, gəl, sənə keyfiyyətli tütün verək”.

Deputat qeyd edib ki, onda olan məlumata görə, ölkədə 3 tütünçülük fabriki var: “Mənim Şəki, Naxçıvan və European Tobacco-dan xəbərim var. Təbii ki, bundan sonra da fabriklər açıla bilər. Qeyd edim ki, siqaretin 80 faizi xaricdən gətirilir. Bəlkə də bu rəqəm daha böyükdür. Azərbaycan məhsulu xaricdən gələn məhsulla rəqabət apara bilsə, bu, ciddi uğur olardı. Mənim hesablamama görə, bir qutu siqaret istehsalı üçün 7 kiloqrama qədər tütün istifadə edilir. Məncə, ölkəmizdə yığılan tütün ancaq ucuz siqaretlərin hazırlanmasına bəs edəb bilər. İndi bu rəqəmi minlərlə qutuya vurun, görün, nə qədər edir. Azərbaycan istehsal etdiyi tütünün min tonuna qədərini istifadə edə bilər. Min ton isə zarafat deyil. Xaricdən nə qədər tütün gəldiyini isə bilmirəm. Bu prosesdən uzağam. Amma xaricdən gələn siqaretlərin tərkibində Azərbaycan tütünü yoxdur. Bizim tütün məhsulumuz ancaq Belarusda istifadə edilir. Eləcə də Rusiyanın bir neçə fabrikində”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər