25 Aprel 2017 15:09
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 baş iribuynuzlu heyvan oğurlayan şəxslərə cəza verilməyib.

Metbuat.az bildirir ki, Biləsuvar rayonu Səmədabad kənd sakini Əlyar Soltanovun iki il öncə 6 baş iribuynuzlu heyvanı oğurlanıb. Aaraşdırmalar nəticəsində bəlli olub ki, oğrular Ağcəbədi rayon Şahsevən kənd sakini Arif Qiyas oğlu Hüseynov, Ağcəbədi rayon sakinləri- Rövşən Sakit oğlu Əliyev, Zakir Mehman oğlu Əliyev və Bərdə rayon Ləmbəran kənd sakini Məhərrəm Araz oğlu İbrahimovdur.

Cinayətin üstü isə 2016-ci il mayın 29-da təsadüf nəticəsində açılıb. Belə ki, 8 manata satılan əti 5 manata alıcılara təklif edən qəssab Əlövsət Nəriman oğlu Nərimanov şübhələri üzərinə çəkib. Zərərçəkən bildirirb ki, oğurlanan 6 baş iribuynuzlu heyvan həmin qəssaba 1550 manata satılıb. Mütəşəkkil dəstənin ümumi olaraq 47 nəfər vətəndaşın mal-qarasını qarət etdiyi müəyyənləşib. İndiyə qədər onlardan yalnız 20 nəfərin ziyanı ödənilib, 27 nəfər isə hələ də gözləyir.

Əlyar Soltanova dəyən 5 min manat dəyərində ziyan ödənilməyib. Hakim Etibar Quliyevin sədrliyi ilə Ağcəbədi rayon məhkəməsi işə indiyə qədər 3 dəfə baxıb. İlk məhkəmə bu il fevralın 1-də, digərləri isə martın 15-də və aprelin 5-də keçirilib. Nərmanov Əlövsət adlı şəxs bu iclasların heç birinə gəlməyib. Ziyanın sadəcə bir qismini ödənilib. Faktla bağlı növbəti məhkəmə prosesi də Etibar Quliyevin sədrliyi ilə aprelin 26-da keçiriləcək.

Problemlə bağlı Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş leytenantı Rəşad Bayramovla əlaqə saxlamağa çalışdıq. Müstəntiq əməkdaşımızın jurnalist olduğunu bildikdən sonra telefonun dəstəyin asdı, sonrakı zənglərə də cavab vermədi.

Vəkil Asif Abdullayev Metbuat.az-a açıqlamasında hadisənin hüquqi izahını verib. Bildirib ki, vurulmuş ziyanla bağlı şəxs mülki iddia irəli sürməlidir:

“Bununla bağlı məhkəməyə ərizə verilir. Həmin ərizə əsasında məhkəmə yekunda qərar verir. Hətta cinayət işində öncədən ərizə verilməyibsə, vətəndaş sonradan məhkəməyə müraciət edib ona dəyən zərəri tələb edə bilər. Bəzi adamlar bu cür proseslərdə qabağa düşmək üçün vəkillə müqavilə bağlamadan məhkəməyə gedir. Nəticədə də geri düşür”.


Müəllif:

Oxşar xəbərlər