5 Avqust 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində süni göldə silah sursatın aşkar olunması barədə məlumat daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə süni gölə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 33 ədəd müxtəlif tipli hərbi sursat (2 ədəd tank əleyhinə raket (PQ-7S), 1 ədəd tank əleyhinə PQ-7 raketinin motor hissəsi və 30 ədəd 7.62 mm-lik patron) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.