Bu gün Azərbaycan Tibb Universitetində (ATU) fakültələr üzrə tələbə dekanlarının seçimi başa çatıb.
ATU-dan Teleqraf.com-a verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli tələbə dekanı seçilmiş gəncləri təbrik edib.
Rektor bildirib ki, tələbə dekanları ATU-nun böyük elmi şuralarında iştirak edəcək, tələbələrin istək və təkliflərini rəhbərliklə bölüşəcəklər: “Sizin əsas işiniz tələbələr arasında olan şikayət və təklifləri rəhbərliyə, dekanlara ötürməkdən ibarətdir. Sizin fəal əməyiniz sayəsində biz bu sahədə daha aktiv işləməli, bir-birimizə kömək etməliyik”.
Rektor Gəray Gəraybəyli ATU-da təhsil alan tələbələrə daim diqqət və qayğı göstərməyə çalışdığını deyib: “Onların buradakı həyatı, problemləri, dərs prosesində yaranan məsələlərlə bağlı fikirlərini hər zaman dinləməyə hazırıq. Gənclərdən daha aktiv fəaliyyət gözləyirik. Universitetdə mədəni, sosial aksiyalar, sərgilər və digər tədbirlər keçirə bilərsiniz. Bu istiqamətdə sizdən maraqlı təkliflər gözləyirəm.
Bundan başqa, dəfələrlə tələbələr mənə hansısa dərsliklə bağlı şikayətlərini bildiriblər. Sizin işiniz məhz bu şikayətləri araşdırmaq və bu kimi məsələlərin həllində bizə yardım etməkdir”.
Daha sonra rektor Gəray Gəraybəyli tələbə dekanlığının əsasnaməsi ilə tələbə dekanlarını və dekanları tanış edib.