Toy və şadlıq mərasimində müğənnilərin ifa etdiyi mahnıya, tamadaların dediyi şerə görə müəllifə qonorar ödənilməsi ilə bağlı bəzi yanlış şərhlər verilib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov Nazirlər Kabinetinin 466 saylı qərarına əsasən, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”na edilən dəyişiklik barədə danışarkən deyib.
Onun sözlərinə görə, söhbət Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarı ətrafında gedir: “Qərar görə, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”na edilən dəyişikliyə görə, klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə musiqili əsərlərin necə səsləndirilməsindən asılı olmayaraq istifadəsinə görə həmin obyektlərin sahibləri hər ay Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı ödəməlidirlər.
Həmin obyektlər aylıq olaraq öz repertuarlarını müəyyənləşdirib, təqdim etməlidirlər. Bu, sonda pulun bölünməsi üçündür ki, hansı müəllifin mahnısı daha çox oxunur”.
Vəkil bildirib ki, toy şənliklərində qərar fərqlidi: “Şadlıq saraylarında toy zamanı qonaqların istəyinə görə mahnı və ifalar dəyişdiyi üçün ona nəzarət etmək mümkün deyil. Tutaq ki, ay ərzində şadlıq evində 15 toy olub. O toyların sayına uyğun şadlıq sarayları hər toya görə Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödəməlidir.
Əgər şadlıq sarayı icarəyə verilərsə, yenə icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Bəzi adamlar elə bilir ki, pul mahnı sayına görə ödənəcək. Bu belə deyil.
Məsələn, deyək ki, noyabr ayında Bakı şəhərində hansısa bir restoranda 10 toy olub. Şadlıq sarayının sahibi 10 toyun sayını vuracaq 25 manata və 250 manat ödəyəcək. Yəni istəyir toyda üç müəllif mahnısı oxunsun, istəyir 50 fərqi olmayacaq. Həmin məbləğ yəqin ki, sonradan uyğun olaraq müəlliflər arasında bölünəcək”.