Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, professor, doktor Turan Yazqanın vəfatından beş il ötür.
Teleqraf.com xəbər verir ki, ötən illərdə olduğu kimi, bu dəfə də T.Yazqanın vəfatının növbəti ildönümü ərəfəsində Türkiyədə və Azərbaycanda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Bakı Atatürk Liseyində baş tutub.
Mərhumun oğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqanın, Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hocanın və Makedoniyadan gəlmiş digər qonaqların, UNEC-dəki Türk Dünyası İşlətmə Fakültəsinin baş müəllimi Nəriman Xanəhmədovun, KİV təmsilçilərinin, həmçinin liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir T.Yazqanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Liseyin müdiri Hüseyn Dəmirəl mərhum T.Yazqanla bağlı xatirələrini dilə gətirib. T.Yazqanın türklük sevdalısı olduğunu bildirən liseyin müdiri bu məktəbin də onun bir yadigarı olduğunu deyib.
TDAV başqanı Közhan Yazqan “rəhmətlik Turan Yazqan hocamızın xüsusi önəm verdiyi, “göz bəbəyim” adlandırdığı Bakı Atatürk Liseyində onun xatirəsinə həsr olunmuş tədbirdə çıxış etmək məndə qürur və həyəcan doğurur” deyib.
K.Yazqan bildirib ki, T.Yazqan həyatını türklüyə, türk dünyasına həsr edib. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir:
“Turan Yazqan İsmayıl Qaspıralının “dildə, fikirdə, işdə birlik” ideyasını və Mustafa Kamal Atatürkün “Türk birliyinə inanır və onu görürəm” sözlərini özünə bayraq edərək mücadiləsini bu istiqamətdə davam etdirib. Turan birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı, Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Yəni, bu mənada atamın fikri belə idi ki, Atatürkün gördüyü türk birliyini hər bir türk gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır”.
Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hoca isə “rəhmətlik Turan hocamız həyatını türk dünyasının birliyinə, bütövlüyünə həsr etmişdi. O, bu yolda yorulmadan çalışdı və bizlərə bir örnək qoyub getdi. Bizlər də Turan hocanın yolu ilə gedərək, bu yolda üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq” deyib.
Tədbir T.Yazqana həsr olunmuş sənədli filmin nümayişi və liseyin şagirdləri tərəfindən türklüyə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam etdirilib.
Sonda lisey şagirdləri arasında T.Yazqana həsr olunmuş inşa müsabiqəsinin qalibi mükafatlandırılıb.