19 Dekabr 2017 17:13
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün British Council, Bakcell MMC və Britaniya səfirliyinin birgə əməkdaşlığı ilə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransın əsas məqsədi biznes müəsssisələri və işəgötürənləri bir araya gətirərək əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yerli və beynəlxalq təcrübə barədə məlumatları bölüşmək olub.

Tədbirdə British Council Azerbaijan-ın direktor müavini Nigar Baimova bildirib ki, British Council əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair yeni Proqrama start verib: “Proqram "BP Azerbaijan" şirkəti tərəfindən dəstəklənir və əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək.

Bu proqram çərçivəsində gənclər ingilis dili, kompüter imkanları və sosial bacarıqlarla bağlı təşkil olunan təlim sessiyalarında iştirak edəcəklər. Bizim fəaliyyətimiz müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və ehtirama söykənən münasibətlərin yaradılmasına yönlənib. British Council Azərbaycanda inkluzivliyi təbliğ edən bir neçə layihə həyata keçirib”.

"Bakcell" şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəhbəri Süheyla Cəfərova bildirib ki, layihə ilə şirkət əlillərin əmək bazarına inteqrasiyasına kiçik də olsa töhfə verəcək: “Şirkətin korporativ sosial məsuliyyətinin əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyası və onlar üçün bərabər imkanların yaradılmasıdır. Bu hədəf auditoriyası arasında əlilliyi olan insanlar xüsusi paya malikdir. Şirkətimiz 10 ilə yaxındır ki, bu istiqamətdə layihələr həyata keçirir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, Azərbaycanda 624 min nəfər əlil şəxs var: "Bu, əhalinin 6,3 faizi deməkdir. Əlillərin məşğulluğu sahəsində müəyyən problemlər də mövcuddur. Hazırda 32,5 min nəfər əlilliyi olan şəxs işləyir, bu, ölkədəki əlillərin 8,3 faizi deməkdir.

Avropada bu göstərici 40 faiz, Avstraliyada 60 faiz, Çində isə 80 faiz təşkil edir. Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 350 min nəfəri əmək qabiliyyətlidir".

Tədbir zamanı Birləşmiş Krallıqdan dəvət olunmuş ekspert mövzu üzrə beynəlxalq təcrübəyə dair məlumatı bölüşüb.

Ümumilikdə proqramdan faydalanmaq üçün 100 nəfər əlilliyi olan gəncin işlənib hazırlanmış meyarlar əsasında seçilərək proqramda iştirakı nəzərdə tutulub.

Çıxış edənlər qeyd edib ki, tədbir vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə cəlb ediləcək və bu istiqamətdə məlumatlılığın və iş imkanlarının artırılması məqsədilə zəruri addımlar atılacaq.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər