ABŞ-ın yeni hökuməti istifadə edilə bilən nüvə silahı mövzusunda yeni hərbi proqram elan etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu iddianı “Quardian” qəzeti irəli sürüb.
Məlumata görə, Ağ Evin administrasiyası nüvə silahından istifadəyə dair məhdudiyyətləri ləğv etməyi və daha aşağı səviyyəli nüvə mərmi raket planı hazırlmağı planlaşdırır.
Barak Obama dövründə nüvə silahsızlaşdırılması və silahlara nəzarət məsələləri üzrə müşavir olan Jon Volfsthal deyib ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanan layihə ilə tanışdır.
Jon Volfsthal bildirib ki, yeni proqramda qitələrarası raket buraxmaq qabiliyyətinə malik olan Trident D5 sualtı qayıqlarının yalnız bir hissəsinin normal döyüş başlığı daşımaq imkanında olduğu göstəriləcək. Onun sözlərinə görə, burada məqsəd Rusiyanı Şərqi Avropada hər hansı problem zamanı taktiki döyüş başlıqlarından istifadə etməsindən çəkindirməkdir.
Yeni proqramda nüvə silahı tətbiq edilməməklə kütləvi ölüm yaradan və ya nüvə obyektlərini hədəfə alan hücumlara qarşılıq olaraq nüvə silahından istifadə mümkün hesab edilir.
Qeyd edilir ki, bu qiymətləndirmə yanvarın sonunda, Prezident Donald Trampın Konqresdə illik çıxışından sonra açıqlana bilər.
Silahlara nəzarət təbliğatı aparan şəxslər isə qeyd edirlər ki, Donald Trampın “düşmənlərə qarşı ABŞ silahının gücünü göstərə biləcəyik” deməsi narahatedici məqamdır. Onların fikrincə, istifadə edilə biləcək nüvə silahı mövzusunda yeni baxışlar qorxuludur.
Jon Volfsthal qeyd edib ki, yeni hərbi proqramda Rusiya tərəfi 1987-ci il nüvə silahı razılaşmasına zidd olaraq yeni bir raket istehal etməkdə günahlandırılır. Onun fikrincə, ABŞ rəhbərliyinin yeni mövqeyi Rusiya, Şimali Koreya və Çinə mesajdır.
Silahlara Nəzarət Birliyinin rəhbəri Daryl Kimball isə ABŞ-ın nüvə ehtiyacları üçün yeni silahların hazırlanmasını şərh edərkən deyib ki, bu, təhlükəli və “soyuq müharibə”yə qayıdışdır.