Bu gün kütlə “əskər” sözünün bu cür yazılışını dəstəkləmir. Dilçilərin 50 faizinin fikrincə də “İsgəndər, əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Millət vəkilinin sözlərinə görə, "alqı-satqı" sözü "çalğı" sözü kimi eyni qayda ilə yazılmalıdır: "Alqı-satqı" ilə eyni qayda ilə deyilən "çalğı" sözü də var. Amma biz “calqı” yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. Amma ictimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq "alqı-satqı" sözünün "alqı-satqı" kimi yazılmasının tərəfindədir”.
O bildirib ki, orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitib, amma müzakirələri uzatmağa ehtiyacın olduğunu görürük. Müzakirələrlə yanaşı, Orfoqrafiya Komissiyası yeni dəyişikliklərlə bağlı ümumiləşdirməni də aparır:
“Təklif edilir ki, torpaq toprak, yarpaq yaprak kimi yazılsın. Amma bu, Türkiyə türkcəsinin qaydalarına uyğundur. Bunlar Azərbaycan dilinin prinsipinə uyğun deyil”.
İ.Həbibbəyli əlavə edib ki, dəyişikliklər qəbul olunsa, 60-dan az sözün yazılışı dəyişir:
“Deyirlər ki, 60 min söz dəyişir. Biz dilimizi dəyişirik?! Deyirlər ki, dilimizi xarab edirsiniz, biz dilimizdəki xarab sözləri çıxarmaq istəyirik. Bu məsələ ilə bağlı heç bir narazılığa ehtiyac yoxdur. Cəmiyyətdə gedən narazılığın elmi əsası yoxdur. Onlar qaydaları oxumayıblar”./Trend/