Xəzər TV-nin dünən axşam saat 21:00 Xəbər buraxılışında şəhər nəqliyyatı ilə bağlı verilən süjetdəki məlumatlar 67 nömrəli marşrut xəttinə aid deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında 67 saylı marşrutun məxsus olduğu daşıyıcı şirkətin əməkdaşı Kamandar Mustafayev deyib.
Onun sözlərinə görə, xəbərdə Papanin körpüsü adlanan ərazidə yolun əks- istiqamətində hərəkət edən avtobusların 67 nömrəli marşrut xəttinə heç bir aidiyyəti yoxdur:
“Xəbərdəki görüntülər montaj olunub. Həmin ərazidə görüntü kameraları vasitəsi ilə də dəqiqləşdirmə aparmaq mümkündür. Kanala müsahibə verən şirkətin dispetçeri də bizdə işləmir, bizim belə işçimiz yoxdur”.
Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, məsələnin Nəqliyyat Agentliyinə dəxli yoxdur:
“Bununla belə, biz həmin ərazidə müşahidə aparacağıq, əldə olunan nəticəni isə mediaya açıqlayacağıq”.
Qeyd edək ki, ötən gün Xəzər TV 199 və 67 nömrəli marşrutları Papanin körpüsü adlanan ərazidə yolun əks istiqamətində hərəkət etməsi barədə süjet efirə verib.