28 Fevral 2018 13:53
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd ildir üç azyaşlı övladından ayrı salınan ananın uşaqlarına qovuşmaq üçün döymədiyi qapı qalmayıb – məhkəmələrdən tutmuş, Ombudsman Aparatına qədər. İş o həddə çatıb ki, ananın heç olmasa həftədə bir dəfə uşaqları ilə ünsiyyət imkanı əldə edəcəyinə ümidi qalmayıb.

Teleqraf.com-a şikayət ünvanlayan Ülviyyə Həsənova bildirib ki, o, həyat yoldaşı Rauf Həsənovdan 2014-cü ildə boşanıb.

Cütlüyün on iki illik evlilikdən üç övladı var. Ortada heç bir səbəb olmadan cütlük boşanıb və üç övlad anadan alınaraq atanın himayəsinə verilib. Hazırda uşaqlardan Gülxarın 14, Kamilin 12, Fərhadın isə 9 yaşı var. Dörd ildir uşaqlarını bir ana kimi yanına alıb onlarla birgə yaşamaq üçün dəfələrlə məhkəməyə baş vuran Ülviyyə xanım hər dəfə buna nail ola bilmədiyindən Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Məhkəmə iclasında qərar verilib ki, ananın ünsiyyətə dair müraciəti Yasamal rayon İcra Hakimiyyəti nəzdindəki Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilsin və rəy alınsın. Komissiyanın sədri Təravət Muradovanın verdiyi rəydə göstərilib ki, Gülxar və Kamil anaları ilə ünsiyyətdən imtina ediblər, bu haqda da ərizə yazıblar, balaca Fərhad isə epilepsiya xəstəsidir. Bu üzdən onun psixoloji gərginlikdən qorunması zəruridir.

Ülviyyə Həsənova hesab edir ki, bu rəy elə-belə alınmayıb, bunda mütləq qarşı tərəfin “əməyi” var.

Onun fikrincə, kiçik oğlunun da xəstə kimi qələmə verilməsi gələcəyə hesablanmış plandır. Onu uşaqlarla ünsiyyətdən məhrum etmək üçün bu yola baş vurulub və məhz elə bu məqsədlə Fərhada belə bir ağır diaqnoz qoyulub.

Ana övladının xəstəliyi ilə bağlı sənədlərin saxtalaşdırıldığını deyir və söylədiklərini konkret faktlarla əsaslandırır: “Mən övladımın bu xəstəlikdən əziyyət çəkdiyini eşidəndə narahat oldum və məsələni araşdırmaq üçün 5 saylı uşaq polklinkasına getdim. Araşdırma nəticəsində bəlli oldu ki, Həsənli Fərhad bu poliklinikada qeydiyyatda olsa da, heç bir xəstəliyin, o cümlədən epilepsiyanın daşıyıcısı deyil. Amma Uşaq Nevraloji Xəstəxanasından Həsənovlar ailəsinə Fərhadın xəstə olması haqda sənəd verilib. Sənədə görə, Fərhadın 13 sentyabrdan 25 sentyabra qədər Uşaq Nevraloji Xəstəxanasında stasionar müalicə alıb. Uşaq Nevroloji Xəstəxanasına üz tutdum. Xəstəxananın qəbul şöbəsində bildirdilər ki, Həsənli Fərhad ağır epilepsiya diaqnozu ilə orada yatıb, onu Məlahət İmanova (Quliyeva) adlı həkim müalicə edib”.

Şikayətçi xəstəxananın baş həkimi Məhərrəm Sadıqovla görüşüb və hadisəni ona söyləyib: “Baş həkim də sentyabrın 13-dən 25-nə qədər oğlumun orada yatdığını bildirdi və mənə bunu təsdiqləyən sənəd verdi. Bu necə ola bilər? Axı, sentyabrın 21-də və 27-də mən Fərhadla oxuduğu 6 saylı məktəbdə görüşmüşəm. Baş həkim isə iddia edir ki, həmin müddətdə oğlum guya orada müalicədə olub.

Ona görə də bir daha məsələni aydınlaşdırmaq üçün məktəb rəhbərliyi ilə görüşmək qərarına gəldim. Direktorun köməkçisi Rəna xanımla görüşüb, sentyabrın 15-dən 30-na qədər oğlumun dərsə gəlib-gəlməməsi haqda sənəd istədim. 6 saylı məktəbin direktoru Gülşən xanım Orucovadan rəsmi sənəd aldım. Gülşən xanımın təsdiqlədiyi arayışda qeyd olunub ki, 3-d sinif şagirdi Həsənli Fərhad Rauf oğlu həmin dövrdə məktəbə gəlib və dərs davamiyyətini itirməyib”.

Ülviyyə Həsənova bildirir ki, 12 il Həsənovlar ailəsində yaşayıb və yaşadığı dövrdə həyat yoldaşı Rauf, atası, anası və üç boşanmış bacıları tərəfindən dəfələrlə zorakılıqlara məruz qalıb, az yaşlı uşaqlarının gözü qarşısında döyülüb, söyülüb, nəlayiq ifadələrlə alçaldılıb və şaxtalı fevral günlərində küçəyə atılıb:

“Bütün olanlara baxmayaraq uşaqlarımı böyütmək, onların tam şəxsiyyət kimi formalaşmasına yardım etmək üçün dözüb yaşayırdım. Nəhayət, 2014-cü ilin fevralında keçmiş həyat yoldaşım və yaxınları məni döydülər, uşaqlarımı da əlimdən alıb, məni evdən çıxartdılar. Döyülməyimlə bağlı kifayət qədər faktlar da var. Dəfələrlə uşaqlarımı görmək üçün yaşadığım evə getsəm də, məni həyətə buraxmayıblar. Qonşular da buna şahiddir. Uşaqlarımı görməkdən ötrü məktəbə gedirəm. Hər dəfə də qarşı tərəf müxtəlif vasitələrlə mənə mane olmağa çalışır. Dəfələrlə qayınatam Kamil Həsənov məktəbə gələrək məni nalayiq ifadələrlə təhqir edib, hətta valideyinlərin gözü qarşısında döyüb və döyülməyimlə bağlı rəsmi sənədim də var”.

Qarşı tərəf, Rauf Həsənov məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib: “Mənasız şeylərə vaxt itirə bilmərəm”.

Nəhayət, Yasamal rayon Məhkəməsində Ülviyyə Həsənovanın iddiası əsasında proses keçirilib. Məhkəmənin yekun qərarına əsasən, ana hər həftənin şənbə günləri dörd saat olmaqla azyaşlı uşaqları ilə görüşə bilər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər