16:04
Martın 28-də Ankarada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Zakir Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
***
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.