31 Mart 2018 18:43
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Teleqraf.com-a məlumata görə, martın 6-dan 30-dək 72 namizəd qeydiyyatdan keçib.

İmtahanda 70 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə isə 7 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər