Teleqraf.com Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi, Azərbaycan həcc missiyasının üzvü Həmdulla Babayevlə müsahibəni təqdim edir.
- Həcc ziyarətində Azərbaycanın kvotasının 2000 nəfərdən 900-ə qədər azaldılması xəbəri yayılıb. Bu məsələdə Səudiyyə Ərəbistanının əsas arqumenti nədir?
- Əvvəla qeyd edim ki, Azərbaycandan bu il həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvotanın 2000 nəfərdən 900-ə endirilməsi məlumatı yanlışdır. Kvotanın azaldılması söhbəti yoxdur.
Kvotamız olduğu kimi qalır, ziyarətə 2000 nəfərə kimi zəvvar apara bilərik. İlkin olaraq 1200 nəfər nəzərdə tutmuşuq. Keçən il bu rəqəm 900 idi. Bu il isə yenə deyirəm, ilkin olaraq 1200 zəvvar nəzərdə tutmuşuq, amma həccə ümumilikdə 2000 nəfər apara bilərik.
Azərbaycan mentaliteti belədir ki, insanlar həcc ziyarətində müraciət üçün axır vaxtı gözləyirlər. Mən məsləhət bilərdim ki, son günləri gözləməsinlər. Çünki zəvvarların sayına uyğun otel ayrılır, başqa proseduralar hazırlanır. Bu xərclər qabaqcadan ödənilir deyə gözləmək işin ziyanınadır
- Sovet hökuməti dağılandan sonra Azərbaycana təxminən 8 min nəfərlik həcc kvotası ayrılmışdı. Amma indi bu rəqəm ciddi surətdə azalıb. Azalmanın səbəbi nədir?
- Azərbaycanda 10 milyon əhali yaşayır. Biz həcc ziyarətinə 10 min adam apara bilərik. Keçmişdə hava yollarından başqa, avtobus xətləri də vardı, onlar hazırda bağlıdır. İndi qiymət fərqi də var. Hazırda gedişhaqqı 4 min 150 dollardısa, avtobusla səfər bu rəqəmin yarısına başa gəlirdi. Ona görə say da çox olurdu. Biz vaxtı ilə ziyarətə 8 min zəvvar aparmışıq.
Dolların manata nisbətində fərq yaranıb, Səudiyyə Ərəbistanı Krallığında hər il mütəmadi olaraq qiymət dəyişikliyi olur. Yəni dünyada iqtisadi cəhətdən çətinliklər var.
- QMİ-nin hesabınca, Azərbaycanda nə qədər kvotaya ehtiyacı var? Hansı rəqəm məqsəduyğundur?
- Bunun Qafqaz Müsəlmanları üçün heç bir fərqi yoxdur. Yəni kütlənin sayının az, ya çox olması bir önəm daşımır. Biz buna gəlir mənbəyi kimi baxmırıq. Həcc dini bir əməl olduğu üçün onu yerinə yetiririk. Necə ki, namaz, oruc vacibdir, həcc də müəyyən adamlara, imkanı çatanlara elə vacibdir. Özü də bəziləri düşünür ki, həcci bir adam başqa adamın yerinə yetirə bilər. Bu, yanlışdır. Həcci heç bir şeylə əvəz etmək olmaz.
Xeyirxah əməllər ki var, onlar tamamilə başqa şeydir. Xeyirxahlıq savab qazanmaq üçündür. Həcc isə vacib əməldir. Bəzən sual verirlər ki, bir insan dəfələrlə həccə gedir. Niyə gedir? Bir şey deyim, 90-cı illərin əvvəllərində kimsə alver etmək üçün gedirdi, amma indi ölkəmizdə elə bir ticarət obyekti yoxdur ki, orada axtardığımızı tapmayaq. İndi heç kim alver üçün həccə getmir.
Sadəcə, həccin əzəmətindən ora bir dəfə gedən adam növbəti həcc vaxtı darıxır. Buna görə elə adam var 3-5 dəfə Kəbənin ziyarətinə yollanır. Mənim şəxsi fikrim odur ki, adamlar yalnız həccin əzəmətinə görə təkrar ora gedirlər. Təcrübələr də bunu təsdiqləyir. Məsələn, keçən il cəmi 80 nəfər təkrar həccə gedən vardı. Yəni bu rəqəm elə böyük deyil.
Elə insan var, imkanı çatır həm həccə gedir, həm də xeyriyyə işləri ilə məşğul olur, imkansızlara əl tutur. Bu insanlar yasaq qoymaq olmaz. Ümumiyyətlə, heç kimə yasaq qoymaq haqqımız yoxdur.
- Dediniz ki, avtobusla həccə gediş həyata keçirilmir. Bəs nə zamansa bu, bərpa oluna bilərmi?
- İraq və Suriyadakı məlum münaqişələrdən dolayı hələ ki o yollar bağlıdır. Nə vaxt eşidərik ki, oralar sakitlikdir, müharibə bitib, o zaman biz də hərəkətə başlayarıq.
Əvvəllər həccə gedənlərin 40 faizi təyyarə ilə gedirdisə, 60 faizi avtobusa üstünlük verirdi. Həm Kərbəla ziyarətinə, həm də Suriyada xanım Zeynəb ziyarətgahı var, ora da gedirdilər.
- Yenə də həcc ziyarətini yalnız QMİ təşkil edir?
- Bəli, bu müstəsna işi yalnız QMİ həyata keçirir. Ondan başqa heç bir qurum həcc ziyarəti təşkil etmir. Bu il həcc səfəri ilə bağlı mayın 1-dək sənəd qəbulu başa çatacaq. Mayın 1-dən sonra isə tamamlanma işi aparılacaq. Bəzi adamlar var ki, sərmayəsini əlindən buraxmaq istəmir deyə son günləri gözləyir. Yəni hansısa işə sərmayə qoyub, getmək ərəfəsində gətirib pulu verir.
Zəvvarların ilk səfəri avqustun 14 baş tutacaq. Amma bu o demək deyil ki, ayın 14-nə kimi zəvvar qəbul ediləcək, xeyr. Səfərə bir ay qalmış viza, otel söhbəti bağlanır. İş tamamlanandan sonra siyahını genişləndirmək mümkün deyil.
Yəni həccə getməyi özündə dəqiqləşdirənlər vaxtında sənədlərin versinlər ki, bütün məsələlər tez həll olsun. Qeyd edim ki, zəvvarların dönüşü sentyabrın 1, 2 və 3-nə planlaşdırılıb.
- Ümrə ziyarətlərində vəziyyət necədir? Bu ziyarətlərdə də azalma müşahidə olunurmu?
- Ümrə ziyarəti faktiki indi də var. Aprel ayının 22-də növbəti qrupumuz gedəcək. Qiyməti 1800 dollardır. Gündə iki dəfə yemək, Məkkə-Mədinənin ziyarəti, 5 ulduzlu otellərdə qalmaq bu qiymətə daxildir. Azalma-artım yoxdur. Keçən il necə idisə, bu il də elədir.