28 İyun 2018 16:14
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Müharibə Əlili və Veteranlar İctimai Birliyində mərhum şair Əbülfət İslamın 1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olmuş İlham və Fərizə Allahverdiyevlərə həsr edilən “Şəhid sevgililər” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, “20 Yanvar” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən təqdimatda "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, millət vəkilləri Aydın Mirzəzadə, Zahid Oruc, Hikmət Babaoğlu, Sədaqət Vəliyeva, yazıçı Yunus Oğuz, şair Ramiz Rövşən, yazar İlham Tumas, şair Qulu Ağsəs, Qarabağ müharibəsi iştirakçısı Rey Kərimoğlu, general-mayor İsgəndər Allahverdiyev də iştirak edib.

Şair Ə.İslamın tələbə yoldaşı və yaxın dostu, şair-publisist Əli Rza Xələfli kitabın çap olunması zamanı rastalaşdıqları çətinliklərdən söz açıb:

“Şəhid sevgililər” kitabını çap etdirəndə ilk vaxtlar gözümə həcmcə çox nazik göründü, amma günlər ötdükcə bu kitabın ağırlığı artmağa başladı. Əlyazmaların üzərində adətən müəllif özü işləyir. Fikirləşir ki, filan hissəni çapa verməzdən əvvəl düzəldərəm. Amma Əbülfət bəy həyatda olmadığına görə anlaşıqsız və ya silinən şeirləri bərpa etmək bir qədər çətin oldu.

Bu günə qədər bu kitab haqqında ayrı-ayrı müəlliflərin yazdığı fikirlər kitabın öz həcmindən 3 dəfə çoxdur. Əbülfətin əlyazmalarının qorunub-saxlanmasında şairin həyat yoldaşı Ülkər xanımın rolu böyükdür”.

"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı bu gün keçirilən təqdimat mərasiminin önəmindən danışıb: “Bu tədbir mahiyyətcə çox maraqlıdır. Bizim bütün gəncliyimiz, uşaqlığımız İlham-Fərizə dastanının fəlsəfəsi əsasında formalaşıb. Onların sevgisi bizim üçün əfsanələşib.

20 Yanvar hadisəsi azərbaycanlılar üçün kütləvi qəhrəmanlıq nümunəsidir. Fərizənin İlhama görə özünü öldürməsi onların sevgisinin böyüklüyündən və müqəddəsliyindən xəbər verir. Bu hadisə bizim müasir tariximizə öz möhrünü vurub.

Fikrimcə, bu cür hadisələr mütləq ədəbiyyata gəlməlidir. Əbülfət bəyin bu addımı örnək sayılmalıdır. Əslinə qalsa, bizdə bu yöndə daha çox əsər yazılmalı, filmlər çəkilməli idi. Təəssüf ki, Azərbaycanda hələlik bu hadisəni filmə çevirən ssenarist, rejissor yoxdur.

Hər bir əsər əvvəlcə ürəkdə doğulur, sonra yazıya köçürülür. Hesab edirəm ki, belə kitabların doğulduğu ürəklər hər zaman yaşayacaq”.

Millət vəkili Sədaqət Vəliyeva “Sevgililər günü” öncəsi belə bir kitabın təqdimatının keçirilməsinin çox gözəl hadisə olduğunu deyib: “Mərhum Əbülfət bəy bizim incəsənət adamlarımıza ən gözəl nümunədir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən insanların xatirəsi əbədiləşdirilməlidir. Belə əsərlərə və yazıçılara həqiqətən də çox böyük ehtiyac duyulur”.

Tədbir iştirakçıları daha sonra Şəhidlər Xiyabanına gedərək, İlham və Fərizənin məzarını ziyarət ediblər.


Müəllif:

Oxşar xəbərlər