8 Sentyabr 2018 09:47
2 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Dəmirbəylinin “Almaniya haqqında hekayələr” (Bakı Kitab klubu 2017) kitabı həm Azərbaycanda, həm də Almaniyanın Azərbaycan diasporunda maraq doğurub. Kitab bir çox mühüm problemlərə yeni yanaşması ilə fərqlənir.

Teleqraf.com yazıçı ilə müsahibəni təqdim edir:

- Vüqar müəllim, əvvəlcə özünüz haqda bir az məlumat verməyiniz yerinə düşərdi. Azərbaycandakı fəaliyyətiniz, Almaniyaya necə gəlməyiniz...

- 1990-cı illər Azərbaycanda olduqca ağır bir dövr idi: dağılmış iqtisadiyyat, Qarabağ müharibəsi, qaçqınlar, durğun vəziyyətdə olan mədəni həyat, informasiya blokadası... Belə bir şəraitdə ədəbiyyata gəlmək də çox çətin idi. Bununla belə, 1990-cı illərdə mən Azərbaycanda ən çox çap olunan müəlliflərdən biri idim: həmin vaxtda Bakıda iki nəsr kitabım dərc olunub, bütün rəsmi ədəbi jurnallarda hekayə və povestlərim işıq üzü görüb.

Neft müqavilələrinin bağlanmasından sonra ölkəyə dünyanın hər yerindən firmalar, cürbəcür təşkilatların nümayəndələri gəlməyə başladılar, Bakıda bir-birinin ardınca səfirliklər açıldı. Əvvəllər də Bakıda bəzi qəzetlərdə işləmişdim, bəziləri üçün isə yeri düşəndə məqalələr yazır, tərcümələr edirdim. Bu yeni şəraitdə isə “Kompas” adlı qəzeti və “Səmt” adlı informasiya agentliyini qeydiyyatdan keçirdim. “Kompas” qəzeti Azərbaycan dili ilə yanaşı, həm də rus və ingilis dillərində çıxırdı. “Səmt”in bülletenlərini isə ingilis və qismən də rus dilində dərc edirdik, ancaq xarici təşkilatlar üçün.

Əsas istiqamətimiz Azərbaycan tarixi, mədəniyyəti haqqında məlumatları həmin vaxt Bakıda olan əcnəbilərə, ilk növbədə isə Avropa və Amerikadan gələnlərə çatdırmaq idi. Mən bu işləri Azərbaycanın görkəmli ədəbiyyatşünası və tənqidçisi Nizaməddin Mustafa ilə bir yerdə görürdüm. Biz Nizaməddinlə olduqca çətin şəraitdə işləyirdik, maliyyə problemlərimiz də var idi, “Səmtin” otaqlarında yanğın baş verəndən sonra isə vəziyyətimiz daha da ağırlaşdı. Amma biz çətinliklə də olsa, işlərimizi bərpa edə və bir müddət də fəaliyyət göstərə bildik. 1997-ci ilin payızında bülletenlərimizi verdiyimiz, Avropa Birliyinin MDB dövlətləri üçün yaratmış olduğu mübadilə proqramının Bakı təmsilçiliyindən bir neçə Qərbi Avropa ölkəsinə səfər etmək üçün dəvət aldım. Bu mənim gedişimin başlanğıcı oldu və fəaliyyətimi Almaniyada davam etdirmək qərarına gəldim.

- Vüqar müəllim, bəs Almaniyaya gələndən sonra burada fəaliyyətinizi necə davam etdirdiniz? Bir az da bu haqda danışardınız, zəhmət olmasa.

- Elə gəldiyim gündən Almaniyanın ədəbiyyat aləmində, ədəbi mühitində əlaqələr yaratmağa, əsərlərimin bu ölkədə çap olunması üçün yollar axtarmağa başladım.

- Almaniyada neçə kitabınız dərc olunub indiyə kimi?

- Üç nəsr kitabım dərc olunub, amma bundan əvvəl Bavariya radiosunda bir povestimin ədəbi oxusu keçirilmişdi. Bunun əsasında da Bavariya radiosu audio kitab buraxdı həmin vaxt.

- Bəs Azərbaycanda əsərlərinizin çap olunması nə yerdədir? Başqa ölkələrdə necə?

- Peterburqun tanınmış “Aleteya” nəşriyyatı mənim “Divizion” romanımı neçə il qabaq çap edib. Bir neçə tanınmış rus ədəbi jurnallarında da hekayələrim çap olunub. Avstriyanın “Driesch” ədəbi jurnalı mənim bir sıra hekayələrimi dərc edib, o cümlədən ingilis dilinə çevrilmiş bir qisim hekayələrim ABŞ-ın bir ədəbi dərgisində yer alıb.

Azərbaycanda isə sonuncu dəfə 2000-ci ildə rəsmi ədəbi jurnallarda hekayələrim çap olunmuşdu. Uzun müddət ölkədə olmadığımdan, gücü əsasən Almaniyaya verdiyimdən xeyli vaxt Azərbaycan ədəbi mühitindən uzaqlaşmışdım. 2013-cü ildə “Kaspi” qəzetinin o vaxtkı baş redaktoru Natiq Məmmədli ona göndərmiş olduğum “Abbas və Məhər” adlı hekayəmi dərc etdi. “Ədalət” qəzeti də bu hekayəni bütövlükdə yenidən verdi. Bu mənim Azərbaycan ədəbi mühitinə qayıtmağım demək idi. “Ədəbiyyat qəzeti”ndə də bir neçə yazım gedəndən sonra Bakı Kitab klubu ötən il mənim “Almaniya haqqında hekayələr” kitabımı çap etdi. Bu il isə Bakı Kitab klubunda “Xəyanət” adlı hekayələr toplum işıq üzü gördü.

- İndi Sizinlə “Almaniya haqqında hekayələr” kitabı haqqında danışmaq istəyirəm. Necə oldu ki, belə bir kitab yazmaq qərarına gəldiniz? Bu, şübhəsiz ki, Azərbaycan oxucularına Almaniya haqqında demək istədiklərinizdir?

- Bilirsiniz, bu hekayələr müxtəlif illərdə yazılıb. Almaniyaya yeni gələndə əvvəllər təsəvvür belə etmədiyim məqamlarla rastlaşdım. İlk sarsıntım Qərbin aləmə car çəkib başqalarından tələb etdiyi insan hüquqları, mətbuat azadlığı haqqında şüarlarının Almaniyada əslində yerinə yetirilməməsini müşahidə etməyimlə bağlı oldu. Ən böyük sarsıntım isə əcnəbilərə münasibət və 2001-ci il 11 sentyabrda baş vermiş məlum hadisələrdən sonra müsəlmanlara qarşı həyata keçirilən siyasət oldu. Bir tikə çörək üçün bu ölkəyə gəlmiş əcnəbi insanların, ilk növbədə türklərin və digər müsəlmanların gettolardakı acınacaqlı həyatı, onlara qarşı alman mediasında aparılan açıq-aşkar nifrət təbliğatı, göstərilən qeyri-insani münasibət mənə təsir etməyə bilməzdi. O biri yandan isə almanların öz problemləri. Bu səbəbdən məndə Almaniyanın əslində necə olması haqqında danışmağa ehtiyac yarandı.

- Bu hekayələrdə ən çox haqqında danışdığınız azərbaycanlı yazıçı Ayaz Səfərovla Sizin aranızda eyniyyət görmək istəyənlərə nə demək istəyərdiniz?

- Eyniyyət axtarmaq və kitabda yazılanların mənim başıma gəldiyini düşünmək doğru olmazdı. Müəyyən üst-üstə düşmələr isə şübhəsiz ki, var. Mən öz tərcümeyi-halımdan bəzi məqamları da bu hekayələrin əsas qəhrəmanına aid etmişəm. Bununla belə Ayaz Səfərov ümumiləşdirilmiş obrazdır, o səmimi və mübariz Azərbaycan ziyalılarının bir çox cəhətlərini özündə əks etdirir.

- Qəhrəmanınız Ayaz Səfərov bir neçə mövqedən çıxış edir. Ən birinci nəzəri cəlb edən odur ki, bu adam almanların əhatəsində yaşayır və fəaliyyət göstərir, yerli insanların arasında səmimi dostları var. Bir neçə alman qadını ilə məhəbbət macərası da yaşayır.

- Elə bu özü də bizim aramızda olan fərqi göstərir. Subay Ayazdan fərqli olaraq mən qadınlarla maraqlanmıram, birincisi evli olduğuma görə, ikincisi isə buna nə vaxtım, nə də həvəsim var. Amma o biri tərəfdən mənim də burada yaşadığım müddət ərzində ünsiyyətdə olduğum əsasən almanlar olub. Ədəbiyyatla, publisistika ilə məşğul olmaq istəyən adamın başqa cür həyat tərzi keçirməsi sadəcə mümkün deyil.

- “Mən və Arno” hekayəsi kitab çap olunmamışdan əvvəl “Ədəbiyyat qəzeti”ndə də işıq üzü görüb. Qəhrəmanınız Ayazın təsadüfən tanış olduğu bir alman yeniyetməsi azərbaycanlı nə demək olduğunu bilmir, türklər haqqında olduqca pis və yanlış təsəvvürə malikdir. Amma Ayaz da əvvəlcə nə bu gəncə, nə də onun anasına özü haqqında həqiqəti deyir.

- Ayaz bu yeniyetməyə kömək etmək istəyir, bu yolda onun anası ilə arasında məhəbbət münasibətləri də yaranır. O, özü haqqında tam həqiqəti əvvəlcə deyə bilməsə də, müsəlmanların “terrorçu” adlandırılmasını qəbul edə bilmir və bu səbəbdən də yaşadığı alman ailəsini tərk edir.

- Ayazın mövqeyini başa düşmək asan deyil. O mediada müsəlmanların qaralanmasına etiraz edir, yaşadığı alman ailəsində isə heç bir izahat işi aparmaq istəmir. Bu bir az qəribə görünmürmü?

- Ayaz ənənəvi Azərbaycan ziyalıları kimi maarifçidir, o, izahat işləri aparır, amma kənarda. Yaşadığı ailədə bu barədə danışa bilmir, çünki onu başa düşməyəcəklərindən qorxur. Bir də Ayaza çətinlik yaradan onun Qərb ideallarına həddindən çox inanmasıdır. Amma o axırda davam gətirə bilməyib alman ailəsini tərk edir və məktubla da olsa, kim olduğunu etiraf edir.

- “Son görüş” hekayəsində Ayaz yeni məhəbbət macərası yaşayır bir psixoanalitik qadınla. Burada Ayaz onun sevgisini “ötürmə məhəbbət” adlandıranlarla razılaşmır, birinci növbədə həmin qadının özü ilə, sonra da qadının müəllimi olmuş professorla və axırda hətta Freydlə. Siz Freydin əleyhinəsiniz?

- Qətiyyən elə deyil. Bir çox başqa nəzəriyyələr kimi freydizm də haradasa işləyir, haradasa yox. Freydin aşkar etdiyi ötürmə mexanizmlər, o cümlədən ötürmə məhəbbət mexanizmi həyatda özünü göstərir, amma həmişə və hər yerdə yox.

- Kitabdakı ən maraqlı hekayələrdən biri də “Praktika” adlanır. Ayaz yerli alman qəzetində praktika keçəndə söz azadlığı məhdudluğu ilə qarşılaşır, qəzetə yerli hakimiyyət tərəfindən necə ciddi nəzarət edilməsinin şahidi olur. Bir də yerli bölgə rəhbərinin millətçi, irqçi siyasətinin. Almaniyda belə siyasətçilər çoxdurmu?

- Bu cür siyasətçilərin sayı Almaniyada indi doğrudan da çoxalıb. Amma hələ ki, onları cilovlaya bilən qüvvələr də var. Amma sonrasının necə olacağını hələ heç kim bilmir.

- Bir neçə başqa hekayədə isə Almaniyada yaşayan sadə azərbaycanlılardan söhbət açılır. “Qədir gecəsi” hekayəsində əvvəllər namazın nə olduğunu bilməyən, Almaniyada olduqca sıxıntılı, yoxsul bir həyat keçirən Mürsəl bir gün türk məscidində ehsan verildiyini eşidib oraya gedir. Məsciddə az qala bir sutka namaz qılmağa məcbur edilir və sonda isə, sərt qış gecəsində, quru döşəmədə yatmalı olur. Bu hekayədə oxucuya çatdırmaq istədiyiniz nədir?

- İslamın düşmənləri sırasına mən yalançı din xadimlərini də salmaq istəyərdim. Nə Qərbdə islama qarşı aparılan siyasi təbliğat, nə müsəlmanların bu ölkələrdə sıxışdırılması bu adamlara mane olur, əksinə elə bil onların daha da çiçəklənməsinə rövnəq verir. Yəni yalançı islamla Qərb siyasəti arasında bir növ sazişin olduğunu müşahidə etmək mümkündür. Bu yalançı din xadimləri islam ölkələrindən olan insanları Qərbin marağına uyğun olaraq əsarətdə saxlamaq istəyirlər.

- Bəs həqiqi islam nədir?

- Mənim üçün islamın dəyəri böyük tarixi islam mədəniyyətindədir. Belə qalanda isə hər bir tarixi din özünü tədricən, yüzilliklər boyu mədəniyyətdə gerçəkləşdirir. Sonda dinin özü yox, onun aşıladığı dəyərlər qalır. Artıq müəyyən olunub ki, dini prinsiplərə əsaslanan cəmiyyət orta əsrlərə aiddir, yeni dövrün cəmiyyəti isə elmə və empirik, yəni təcrübəyə söykənən dünyagörüşünə əsaslanmalıdır.

Yəni, yeni dövrdə din simvol kimi qala, bəzi mühüm rituallar saxlana, cəmiyyətdəki bir azlıq dini həyat tərzi keçirə bilər. Amma cəmiyyətdəki çoxluq artıq keçilmiş olan yola qayıtmaq istəyirsə, dini həyata yenidən tapınırsa, bu həmin cəmiyyət üçün faciə deməkdir.

- Almaniya kansleri Angela Merkelin Azərbaycana son günlərdəki səfəri ilə bağlı və ümumiyyətlə bu siyasətçi haqqında nə deyə bilərdiniz?

- Merkel sağ mərkəzçi partiyaların rəhbəri kimi 2005-ci ildə ilk dəfə, son payızda isə dalbadal dördüncü dəfə olaraq kansler seçilib. O, hakimiyyətə gələndən sonra əcnəbilərə qarşı təzyiqlər daha da gücləndi, ölkə daxilində islamla bağlı mürtəce siyasət daha geniş vüsət aldı. Amma “ərəb baharı”ndan sonra Merkel bu siyasəti dəyişməyə cəhd göstərdi. 2015-ci ildə Avropanı qaçqınlar dalğası bürüyəndə isə Merkel çox qəribə manevrlər etdi: o həmin vaxt qaçqınların çoxunu onların öz istəyinə uyğun olaraq Almaniyada yerləşdirdi.

Alman cəmiyyətində, onun öz partiyasında belə qaçqınlarla bağlı siyasətinə görə Merkelin əleyhdarlarının sayı kəskin şəkildə artdı. Buna reaksiya kimi keçmiş anti-islam Xalq cəbhəsinin yerinə Almaniya üçün Alternativ Partiyası (AfD) meydana çıxdı. İslam düşmənçiliyini öz siyasətinin əsas istiqaməti elan etmiş bu yeni faşist partiyası isə ötən ilin parlament seçkilərində 13% səs topladı. Sonuncu siyasi hadisəyə görə çoxları məhz Merkelin qaçqınlarla bağlı siyasətini pisləyir. Kansler isə o vaxt əslində usta bir gediş etmişdi: o, bununla Almaniyanın Yaxın Şərqdə populyarlığını yüksəltdi. Qaçqınları isə cəmi bir neçə aylığa Almaniyada yerləşdirmişdilər, sonra onların əksəriyyətini yenidən geriyə göndərdilər. Uğurlu Yaxın Şərq siyasəti isə Almaniyanın Avropa Birliyinin yeganə liderinə çevrilməsini mümkün edən sonuncu amillərdən biri oldu.

- Bir neçə gün əvvəl Berlində bir suriyalı və bir iraqlı gəncin bir almanı bıçaq zərbələri ilə qətlə yetirməsindən sonra bütün Almaniya bir-birinə dəydi. Sizin bu hadisələrə münazibatiniz necədir?

- Mənim üçün bu dedikləriniz gözlənilməz deyil, son günlərin hadisələri nə qədər təəssüfləndirici olsa da. Son günlərdə biz Almaniyada sağ qüvvələrin revanş edərək yenidən hakimiyyətə gəlmək imkanının nə qədər real olduğunu bir daha gördük. Bu gün alman cəmiyyyətinin əksəriyyəti yenə də sağ radikalların tərəfindədir, bunu hər kəs açıq bildirməsə də.

Mənim müşahidələrimə görə, elə bir alman yoxdur ki, o, müsəlmanların bu ölkədə yaşamasının əleyhinə olmasın, onların geriyə göndərilməsini istəməsin. Bax bu, istər-istəməz 1930-cu illəri yada salır: o vaxt yəhudiliyə qarşı idilərsə, indi də islama nifrət almanların əhval-ruhiyyəsinin əsasını təşkil edir.

- Azərbaycan Almaniya ilə münasibətlərini necə qurmalıdır? Almaniya və Avropa Birliyi ilə münasibətlərdə nə kimi perspektivlər görürsünüz?

- Bizim kartlarımız qətiyyən pis deyil. Azərbaycanda 150 ilə yaxın alman məskənləri mövcud olub, biz bundan istifadə edə bilərik. İkinci kart isə Türkiyənin qoşulmadığı İkinci Dünya müharibəsində azərbaycanlıların yaxından iştirakıdır. Bizim yüz minlərlə insanımız bu müharibədə almanlar tərəfindən öldürülüb, hərbi əsir kimi konslagerlərdə saxlanılıb, ağır işlərə məcbur edilib. Bütün bunlara görə Bakı bu gün Almaniyadan Azərbaycana yüz milyardlarla avro ödəməsini tələb edə bilər.

Üçüncü kart isə bu gün Avropa Birliyinə qoşulmuş Şərqi Avropa ölkələrinin vaxtilə Azərbaycanla bərabər sosialist blokunda olmasıdır. Sosializmin mənfi tərəflərinə baxmayaraq, bu ölkələrlə bizim aramızda yaxın keçmişin müsbət əməkdaşlıq və qonşuluq təcrübəsi var, bundan da hökmən istifadə etmək lazımdır.

Nəhayət, dördüncü kart Almaniyada və Avropa Birliyinin digər ölkələrində müsəlmanlrın acınacaqlı həyatının, onlara edilən təzyiqin Azərbaycan mediasında əks etdirilməsidir.

O biri tərəfdən belə hesab edirəm ki, Azərbaycanın gələcəyi Almaniya və Avropa Birliyi ilə deyil, Şərqlə bağlıdır. Mən Yaxın və Orta Şərqin – Azərbaycandan Hindistana qədər - yeni mənəvi yüksəlişinə, intibahına inanıram. Dünyanın da bu gün ehtiyacı səthi, çürük Qərb mədəniyyətinə deyil, Şərqin dərin mənəviyyatınadır. Buna görə məhz Şərqin yeni mənəvi yüksəlişi bəşəriyyəti xilas etmək iqtidarındadır.

Azərbaycan da bu böyük Şərq mənəviyyatının dirçəlişinə töhfə verəcək ölkələrdən biri ola bilər.

Sabir Üçtəpəli


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər