Son zamanlar Qida Təhlükəsizliyi Agentliyinə Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur.
Qida Təhlükəsizliyi Agentliyindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edilib.
“Bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər”.
Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Eyni zamanda, istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.
Qeyd edək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.