İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin dəvəti ilə Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-25-də bu ölkədə rəsmi səfərdə olub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərin ilk günü Ə.R.Fəzli general-polkovnik Ramil Usubov və onu müşayiət edən şəxsləri qəbul edib.
Qonaqları səmimi salamlayan, dəvətini qəbul etdiyinə görə təşəkkürü bildirən İranın daxili işlər naziri son dövrlər qarşılıqlı səfərlərin intensivləşməsinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafından xəbər verdiyini, hər iki ölkə prezidentlərinin xalqlarımızın mənafeyini nəzərə alaraq qarşılıqlı münasibətlərin yaxınlaşmasına nail olduqlarını vurğulayıb.
Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən İrana səfərini xatırladan Ə.R. Fəzli məhz onun Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişaf mərhələsinə qədəm qoydugunu məmnunluqla diqqətə çatdırıb, bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi böyük uğurların onları da sevindirdiyini qeyd edib, respublikamızın təhlükəsizlik və tərəqqisinin özlərinin təhlükəsizliyi və inkişafı kimi qəbul etdiklərini nəzərə çatdırıb.
Daha sonra iranlı nazir ölkəsində mövcud kriminogen durum, cinayətkarlıqla, o cümlədən narkotik maddələrin qaçaqmalçılığına qarşı hüquq mühafizə orqanlarının apardıqları mübarizədən danışaraq yalnız ötən il 800 ton narkotik maddənin müsadirə edildiyini, əlverişli coğrafi məkanda yerləşməsi səbəbindən İranın qaçaqmalçılar tərəfindən tranzit kimi istifadə edildiyini, bu mübarizədə 3 mindən çox polis və sərhədçisinin şəhid olduğunu bildirib.
Səmimi qəbula, qonaqpərvərliyə, ətraflı məlumata və xoş sözlərə görə minnətdarlığını bildirən nazir R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin İran ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, dövlət başçılarının siyasi iradəsinin nəticəsi olaraq bu gün Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin münasibətlərinin səmimi dostluq və strateji tərəfdaşlıq xarakteri daşımasının xalqlarımızın və dövlətlərimizin mənafelərinə uyğun olduğunu diqqətə çatdırıb.
Daha sonra o, bu gün regionda cərəyan edən proseslərin qarşılıqlı şəkildə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını, belə cinayətlərin, xüsusən narkotik qaçaqmalçılığına, insan və qanunsuz silah alverinə, beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, informasiya mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra nazir R.Usubov ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli tədbirlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, Ermənistanın ölkəmizə hərbi təcavüzü və onun doğurduğu fəlakətli nəticələr, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, məhz onun rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərpası istiqamətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördükləri qətiyyətli tədbirlər barədə məlumat verərək bu gün də həmin siyasətin milli mənafeyimizə uyğun olaraq uğurla davam etdirildiyini bildirib.
General-polkovnik R.Usubov bugünlərdə İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatına görə həlak olanların ailələrinə başsağlığı verib, bu hadisənin Azərbaycanda da böyük kədər və hüznlə qarşılandığını diqqətə çatdırıb.
İki gün davam edən səfər çərçivəsində nazir, general-polkovnik R.Usubov İran İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şəmxani, Sərhəd Mühafizə Xidmətinin komandanı, general Qasem Rezayi və digər rəsmi şəxslər ilə görüşlər keçirib. Daxili işlər naziri mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının zərurini vurğulayıb, bu istiqamətdə polis orqanları arasında təcrübə və informasiya mübadiləsinin aparılmasının əhəmiyyətindən söz açıb.
İranın narkotik maddələrin qaçaqmalçılığına qarşı apardığı qətiyyətlə mübarizədə kifayət qədər təcrübə topladığını qeyd edən nazir R.Usubov Azərbaycan Polisinin bu təcrübədən faydalana biləcəyini qeyd edib, vətəndaşlarımızın gediş-gəlişlərinin artması, eləcə də turizmin inkişafı ilə əlaqədar hər iki ölkədə əmin-amanlığın, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasında birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da görüşlərdə iştirak edib.