8 Noyabr 2018 09:07
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə tez-tez ailə daxilində baş vermiş hadisələr müzakirə olunur. Bu zaman fikirlər haçalanır, bəziləri belə hadisələrin özünü, bəziləri isə hadisəni sosial şəbəkəyə daşıyanları qınayır. Bəs ailədaxili münaqişələri sosial şəbəkəyə daşıyaraq onun geniş müzakirəsinə səbəb olmaq doğrudurmu? Bu, münasibətləri daha da gərginləşdirir, yoxsa əksinə?

Teleqraf. com bu sualla aktiv sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Jurnalist Jalə Mütəllimova deyib ki, onun üçün ailə balaca dövlət modelidir, hər dövlətin özünün təhlükəsizlik, müdafiə, daxili işlər üzrə sistemi olur: “Hətta deyim ki, dostlara münasibət “xarici siyasət” sayılır. O səbəbdən də ailə, yəni dövlət ictimai məsələ deyil. İctimai tərəfi odur ki, ailənlə, yoldaşınla harasa gəzməyə gedərsən, hansısa məsələyə ümumilikdə münasibət bildirərsən.

Amma tutaq ki, mənim ailəmlə bağlı münaqişə və ya özəl xoş bir şey varsa, bunu ictimailəşdirib hamı ilə müzakirə eləmək ailə əxlaqına zidd bir şeydir. Təəssüf ki, onu ictimailəşdirənlər var. Bu, doğru deyil, ayıb deyil yox, qeyri-əxlaqi bir davranışdır.

Hazırda münasibətlər aşınıb, ümumiyyətlə dəyərlər sistemimiz dəyişib. Mən düşünürəm ki, özümüzü ingilis, fransız, almana oxşatsaq da, hər bir dövlətin, millətin özünün ailə modeli var və gerçək Azərbaycan ailə modeli dünyada heç nəyə bənzəmir. Gerçək Azərbaycan kişisi və qadını dünyada heç bir kimə oxşamır. Amma bunu anlayanlarımız ildən-ilə təəsüf ki, azalır. Bu ictimailik ailəyə uğursuzluqdan başqa heç nə vermir. Hətta münasibətlər sonradan ailə içində düzəlsə belə, ailənin özünün ictimai nüfuzu, hörməti sıfırlanır”.

Teatrşünas Aliyə Dadaşovanın fikrincə, münaqişə başqadır, bunu həll etmək üçün məhkəmə var. Münaqişəsini ictimai müzakirəyə çıxarmış ailə, çox güman ki, artıq dağılıb: “Bu, artıq kağıza qol çəkən iki nəfərin məsələsidir, başqalarına dəxli yoxdur. Amma söhbət zorakılıqdan gedirsə, məsələ başqadır. Əlbəttə, düşünülmüş şəkildə, intiqam məqsədilə belə məsələləri sosial şəbəkəyə çıxarmağın tərəfdarı deyiləm. Çünki bu özü də həmin zorakılığın bir başqa formasıdır. Yəni, bu halda ailədaxili linç sosial linçlə cavablanır.

Lakin baxın, hansısa sosial institutlar işləmədikdə, qadına qarşı zorakığa cəmiyyət, sistem norma kimi yanaşdıqda əzilən tərəfə başqa yol qalmırsa, onda necə olsun? Zorakılığa qarşı, güclünün zəifi əzməsinə qarşı sakit dayanmaq olmaz.

Televiziyalar ailə münaqişələrini müzakirəyə çıxarır. Amma bunu fərdlərin problemi kimi edir. Söhbət isə ailə dəyərlərinin təftişindən gedir. Fərdlərin üzərindən yox, dəyərlərin, xarakterik problemlərin üzərindən müzakirələr vacibdir”.

Yazar Aysel Əlizadənin fikrincə, insan öz şəxsi həyatı ilə bağlı paylaşım edir, hər hansı hadisəni ictimaliəşdirir, bölüşmək istəyirsə, bu da onun özəl məsələsidir: “Amma insanın şəxsi həyatının başqaları tərəfindən ictimaləşdirilməsi qanun pozuntusudur, cinayət tərkibi var. Sənin mənəvi dünyana, psixoloji durumuna zərbə vurduğu üçün onları məhkəməyə verə bilərsən.

Əgər şəxs istəmirsə xəbərini yaysınlar, o xəbərin altından, “bu xəbərin heç yerdə yayılmasına icazə vermirəm” yazmalıdır. Qanunla bu şəkildə özünü müdafiə edə bilər. Yazmayıbsa bu tərəddüdlü məsələdir. Sosial şəbəkə haqqında qanun yoxdur, sadəc şəxsi və ictmai səddi müəyənləşdirmək lazımdı”.

Jurnalist Naibə Qurbanova əmindir ki, böyük əksəriyyət bu suala qəti şəkildə “yox” deyəcək: “Şəxsi həyatını müzakirəyə çıxaran kimlərdir? Məncə, əvvəlcə buna diqqət etməliyik. Əgər bir tərəf qarşı tərəfə zor tətbiq edirsə, onu döyür, söyürsə, belə halda özünü təhlükədən xilas etmək üçün problemini qabarda bilər. Çünki məişət zorakılığı, şiddət qanunla qadağan olunmuş cinayət əməlidir. Bunun qarşısını almaq üçün isə aidiyyəti qurumlar var, sosial şəbəkə hüquq-mühafizə orqanı deyil.

Gəlin, baxaq görək şəxsi problemini sosial şəbəkədə ictimailəşdirmək kimi xilas edib? İndiyədək bunun statistikası aparılıbmı? Uzaqbaşı bir-iki nəfər ailəsindən xəbərsiz məsləhət verib, sakitləşib. Ona görə ailəsindən xəbərsiz deyirəm ki, ağıllı adamlar belə məqamlarda ya susar, ya da tədbir görər, məsləhətlə münaqişə həll olunmur. Sosial şəbəkələr təkcə tanıdığımız adamlardan ibarət deyil, odur ki, yad adamların məsləhəti ilə geri dönən ər və ya arvad dönməsə yaxşıdır”.

Jurnalist Səbinə Əvəzqızı birmənalı olaraq bu cür müzakirələrin əleyhinədir: “Söz kənara çıxanda artıq ailə bütövlüyü zədələnir. Yox, bu ailə artıq ciddi zədələr alıbsa belə, problemlərin ictimailəşdirilməsi nəyi həll edəcək? Bir ailənin davamı və ya bitməsi kimi qərarları yalnız iki şəxs öz aralarında verə bilər. Kənardakı Gülbacı və ya Əliməmmədin bu prosesə müdaxiləsi nədən ibarət ola bilər axı? Mən bu məntiqi başa düşə bilmirəm.

Ailəvi durumlar sosial mediada müzakirəyə çıxarılıbsa, vəziyyət daha da gərginləşəcək. Yəni, ortadakı problemin həllinə xeyirdən çox ziyanı ola bilər. Mən hesab edirəm ki, bu cür prosesləri ümumi müzakirələrə çıxaran insanlar artıq geriyə dönüş yolunun olmadığını hesab edirlər. Hətta yanılsalar belə, çünki həmişə bir balaca ümid qalır.

Geniş müzakirələrlə birinci bu ümidi boğurlar, ikinci də qarşı tərəfi fakt qarşısında qoymağa çalışırlar. Bu bir növ intiqam almaqdır. "Bax gör səni necə biabır edirəm" düşüncəsi ilə yola çıxmaqdır. Tərəf hesab edir ki, o, yoldaşının yanında deyilsə, qoy heç kim onun yanında qalmasın. Sosial media istifadəçisi kimi bizlər də belə vəziyyətdə pis vəziyyətdə qalırıq.

Çox sevdiyimi bir neçə cütlüyün bu formada qarşı-qarşıya gəldiklərini görmüşəm. İnsan bilmir nə etsin, tərəfsiz qalmaq bir cür pisdir, tərəf tutmaq ondan da pisdir. Bizi niyə belə pis vəziyyətə salmalısınız axı? Həmin cütlüklər ayrılsalar belə, ayrı-ayrılıqda da bizim dostlarımızdı və hər ikisinin taleyi bizi incidir. İndi biz nə etməliyik?

Ailədaxili problemlərdə heç kim axıracan haqlı olmur. Burada nisbətən daha haqlı olan ola bilər. Yəni belə müzakirələr nə həmin ailə, nə də onları doğrudan sevən insanlar üçün müsbət hal deyil.

Bundan başqa, məsələnin hüquqi tərəfi də var. Özəl həyat prinsiplərini qorumağa çalışmalıdırlar. Sən öz ərindən və ya xanımından yazırsansa, onun artıq özəl həyatına müdaxilə edirsən. Nə olsun ki, o, sənin həyat yoldaşındı? Onun da vətəndaş olaraq ayrıca haqları, hüquqları var”.

Hüquqşünas Rafiq Alışov bildirib ki, ailədaxili münaqişələri sosial şəbəkələrə daşımaq doğru deyil: “Kimsə öz ailə münaqişələrini sosial şəbəkəyə daşıyırsa, artıq el-aləm münaqişədən xəbər tutur və belə ailənin bərpası mümkünsüzləşir. Ümumi problemləri və ya ailədaxili münaqişələrə gətirib çıxaran səbəbləri müzakirə etmək olar. Ancaq kiminsə ailə münaqişəsini sosial şəbəkəyə çıxarması bu, şəxsi toxunulmazlıq hüququnu pozur və ailənin dağılmsına gətirib çıxarır”.

İqtisadçı Qadir İbrahimliyə görə, bu, tərbiyəsizlikdir: “Başqasının ailəsində olan konfiliktə mən niyə rəy bildirməliyəm? Ümumiyyətlə, konfiliktə mənim nə aidiyyətim var, tərəflərin özləri problemin həlli ilə bağlı qərar verməlidirlər”.

Birmənalı şəkildə bunun əleyhinə olduğunu bildirən jurnalist Cəvahir Nehrunun fikirinə görə, bu, utanc gətirən haldır: “Bu, nəinki münasibətləri gərginləşdirir, hətta münasibətlərə nöqtə qoyur. Hələ-hələ bu biabırçılıqdan sonra barışıqdan söhbət gedə bilməz. Özünə hörmət edən qadın və kişi bu addımı atmaz. Təəssüf ki, Azərbaycanda normal boşanma mədəniyyəti yoxdur. Olsaydı, insanlar özlərini belə hörmətdən salmazdılar”.

Qafqaz TV-nin direktoru, rejissor Eltən Qədimbəyliyə görə, hər bir ailə öz sıxıntılarını özü həll etməlidir: “Bunu nəinki sosial şəbəkələrdə, hətta ailə üzvləri ilə, dostları ilə paylaşmamalıdırlar. Uzağı valideyinləri buna qarışa bilər. Bir sıxıntıya nə qədər adam qarışarsa, onu həll etmək o qədər çətinləşir, çünki çox adam fikir ayrılığı deməkdir”.

Pediatr Vaqif Qarayev deyib ki, iki insan öz problemini özü həll eləməlidir: “Şiddət varsa polisə, məhkəməyə müraciət eləsin, adi məsələləri sosial şəbəkələrə daşıyıb teatrallaşdırmaq düzgün deyil”.

Yazar Tural Cəfərli ailədaxili münaqişələri sosial şəbəkədə müzakirə etməyi böyük qəbahət sayır: ”Bu kimi məsələlər əks-təsir effekti verir. Yaxşı olardı ki, bu işlərlə ailə psixoloqları və ya ailə institutları məşğul olsunlar".

Şairə Səhər Əhməd də belə ictimailəşməni doğru saymır. Onun fikirincə, bu, körpüləri yandırmaq deməkdir, geriyə yol saxlamamaqdır. Halbuki atalarımızın gözəl sözü var, ərlə arvadın savaşı yaz yağışına bənzəyir: “İki nəfər arasında münasibətdə üçüncü adam artıqdır. İki nəfər öz arasında anlaşaraq problem həll etəməlidir. Ailə qurmaq, onu qorumaq bir mədəniyyətdir. Hətta boşanmaq da mədəniyyətdir və dünyanın sonu deyil. İki tərəf arasında sevgi bitə bilər, bu, təbiidir, lakin ortada uşaq varsa, onun ata-anası ömür boyu dost qalmağa məhkumdur”.

Vəkil Vüqar Səfərli ailədaxili münasibətləri sosial şəbəkələrə daşımaq və ictimai müzakirə etməyin bəyənilən hal olmadığını deyib: ”Ailə-məişət sirlərinə məhkəmələrdə də qapalı baxılır”.

Yazar Mirmehdi Ağaoğlu deyib ki, bizim insanlar başqalarının həyatına qarşı həmişə maraqlı olublar: "Biz qulağı həmişə qonşunun qapısında olan insanlarıq. İnternetin olmadığı dövrdə də bu cür müzakirələr olub. Adamlar bulaq başında, kənd meydanında başqalarının həyatını müzakirə ediblər. Adətən, qadınlar zəif və gücsüz olduqlarına görə belə münaqişələr zamanı kənarın köməyinə ehtiyac duyublar. Qohuma, bacı-qardaşa, ağsaqqal-ağbircəklərə söhbəti çatır, onlar da problemi müzakirə edib yoluna qoymağa çalışırdılar. İndi bu proses deyəsən Feysbukda baş verir.

Bu və ya digər şəklidə durub kiminsə həyatını müzakirə etməklə, məsuliyyətsiz fikirlərlə onun ailəsini, həyatını dağıda bilərsən.

Ümumiyyətlə, təkcə qadına yox, heç bir canlıya əl qaldırmaq olmaz. Görürəm ki, sosial şəbəkədə böyük əksəriyyət bu cür problemləri sırf danışmaq xətrinə, kütləyə qoşulsun deyə müzakirə edir, bekarçılıqdan rəy yazır. Kiminsə şəxsi həyatını müzakirəyə çıxarmaq qeyri-etikdir. Şəxsən mən belə müzakirələrdə iştirak etməməyə çalışıram".

Psixoloq Aygün Cəfərovanın sözlərinə görə, ümumiyyətlə sağlam qurulan ailənin tərəfləri bir-birilərinin nə istədiklərini, nəyə dəyər verdiklərini bilirlər. Bunlar sağlam münasibətin fundamentidir: “Münaqişələrə gəldikdə, öncə münaqişənin qaynağını bilmək lazımdır. Bütün situasiyalarda təqdim olunan və təqdim olunmayan səbəblər olur. Münaqişələrin qaynağında adətən təqdim olunmayan səbəblər durur. Bunu bəzən tərəflər belə anlamırlar, çünki bu vəziyyətin içində olurlar.

Münaqişələrin həllinin sosial şəbəkələrə daşınması isə burda tərəflərin problemlərinin həll olunmasının yox, diqqət mərkəzində olmaq istədiklərinin göstəricisidir”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər