Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Xalqını, dövlətini sevən, ölkəsinin dünənə bağlı, bu gününə sayğı duyan hər bir azərbaycanlının qəlbini titrədən, onu riqqətə gətirən, damarında qanını coşduran bu sözlər 17 il öncə – 9-10 noyabr 2001-ci ildə sonralar onun adını daşıyacaq əzəmətli Respublika Sarayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyev tərəfindən səslənirdi. Artıq 15 ilə yaxındır ki, cismən aramızda olmasa da, sağlam ruhlu hər bir azərbaycanlının ürəyində yaşayan və əsrlərlə yaşayacaq ən böyük azərbaycanlının bu sözləri dillər əzbəri olmaqla yanaşı, milli özünüdərkin mühüm tərkib hissəsinə çevrilib. Məhz ulu öndər tərəfindən nəzəri əsaslarının işlənib hazırlandığı azərbaycançılıq ideologiyası bu gün Azərbaycanda yaşayan bütün xalqları birləşdirən dəyər halına gəlib.
Ulu öndərin 22 iyul 1998-ci ildə Londondakı Azərbaycan səfirliyində Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşdə səsləndirdiyi fikirlər də azərbaycançılıq ideologiyasının qayəsinin açıqlanması baxımından mühüm əhəmiyyət kəsb edir: “Bizim üçün tarixi bir amil var – Azərbaycançılıq. Bilirsiniz, ermənilər çalışırlar sübut eləsinlər ki, guya, ümumiyyətlə, Azərbaycan milləti yoxdur, köçərilər olubdur, filan olubdur. Amma azərbaycanlı kimi bizim millətimizin böyük tarixi var. Böyük, qədim tarixi var! Bizim dilimiz Azərbaycan dilidir. Bilirsiniz, 1992-ci ildə Azərbaycanda böyük səhvə yol vermişdilər ki, bizim dilimiz türk dilidir. Bəli, biz türkdilli millətlərə daxilik, əcdadlarımız birdir. Ancaq türkdilli xalqlar sonra şaxələnib, hərəsi bir millətə çevrilibdir. Özbək də türkdillidir, qırğız da, qazax da, tatar da, türkmən də, başqırd da, uyğur da türkdillidir. Amma hərəsi bir millətdir, hərənin də öz dili var. Məsələn, mən özbək dilinin, ola bilər, on faizini başa düşə bilərəm, ondan artıq başa düşə bilmərəm. Amma bizim dillərimizin kökü birdir, biz bir kökdənik. Millət kimi də, dil baxımından da bir kökdənik. Amma biz bu kökün bir budağıyıq, budaq, şaxə kimi inkişaf etmişik. Özümüzün adımız var – Azərbaycan, özümüzün dilimiz var – Azərbaycan dili. Çox da gözəl, zəngin, çox ləzzətli dilimiz var. Siz bilirsiniz ki, mənim təhsilim, ümumiyyətlə, rus dilində gedibdir. Gənc vaxtımdan bütün həyatım boyu rus dilində oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük vəzifələrdə işləmişəm. Mənim üçün rus dili ana dili kimi bir dildir. Amma mən o dildən nə qədər istifadə etmiş olsam da, Azərbaycan dilini unuda bilmərəm. Azərbaycan dili mənim üçün hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir. Ona görə bu beş ildə Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, Azərbaycançılıq məsələsidir. Azərbaycançılıq bizim üçün böyük Azərbaycan nöqteyi-nəzərindən çox vacibdir”.
Heç kimə sirr deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda bütün sahələr ağır böhran keçirirdi. İqtisadiyyat dağılmış, onun hərəkətverici qüvvəsi olan sənaye tənəzzülə uğramışdı. Ölkəmiz bir ictimai-iqtisadi münasibətlər sistemindən digərinə keçid dövründə idi. Bu böhran xalqın tapındığı mənəvi dəyərlər sistemindən, onun ideologiyasından da yan keçə bilməzdi. Toplum axtarış, çırpıntı içində idi. Təkcə 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəbhəsi deyil, onun bazasında yaranan və eyni hakimiyyəti bölüşən digər siyasi qüvvələrin (Müsavat Partiyası, Milli Demokrat (Bozqurd) Partiyası) hər biri özünün baxışlar sistemini dövlətin rəsmi ideologiyasına çevirməyə çalışırdı. Ancaq bu cəhdlər uğursuzluqla nəticələnirdi. Xüsusilə, Xalq Cəbhəsi və Müsavat Partiyasının irəli sürdüyü millətçilik ideologiyası irqi ayrı-seçkilik mahiyyəti daşımasa da, istər-istəməz respublikada radikal əhval-ruhiyyəni gücləndirir, digər xalqlarda qıcıq doğururdu. Yenicə müstəqillik qazanmış dövlətin varlığını həzm etməyən məkrli şimal-cənub qonşularımız isə bu ideologiyadan məharətlə yararlanmaqda idilər. Bu ideologiya Azərbaycanda hərc-mərclik, müxtəlif xalqlar arasında qarşıdurma yaradılmasında maraqlı olan çeşidli mərkəzlər tərəfindən sui-istifadə edilməkdə idi.
Ulu öndərin yaxın silahdaşı, uzun illər onun rəhbərliyi altında çalışmış, hazırda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın 13 may 2013-cü ildə keçirilən iclasında bu məsələyə dair olduqca aydın baxış ortaya qoymuşdu. Zənnimizcə, bu məqamda Əli Həsənovun fikirlərini xatırlatmaq yerinə düşər. Ulu öndər Heydər Əliyevin əsas xidmətlərindən birinin də azərbaycançılıq ideyasının dövlət siyasəti səviyyəsinə gətirilməsi olduğunu vurğulayan Əli Həsənov demişdi: “1992-ci ildə hərə bildiyi şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi. Biri deyirdi türkün türkdən başqa dostu yoxdur. Digəri bildirirdi ki, Azərbaycan tezliklə İrana bayraq sancmalı, Cənubi Azərbaycanla birləşməliyik və möhtəşəm dövlət yaratmalıyıq. Hətta bəziləri deyirdi ki, bizim əsas milli ideyamız Çindəki uyğurları azad edib möhtəşəm dövlət yaratmaqdır. Halbuki, həmin vaxtlar özümüzün azad olub-olmayacağımız hələ tam bəlli deyildi. Bu prinsiplər cəmiyyətimizi içəridən dağıdırdı. Heydər Əliyevin irəli sürdüyü ideya isə bu gün də ölkənin inkişafına xidmət edir. Azərbaycançılıq ideyası dövlətimizə bağlıdır, bu ideya dövlətin imkanlarından bərabər bəhrələnmək imkanı da yaradır. Azərbaycançılıq vətəndaş həmrəyliyidir və milli mənsubiyyəti inkar etmir. “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir”, – ümummilli liderimiz belə bəyan edib. Hər bir insanın zənginliyi bizim mədəniyyətin təməlində durur. Bu mədəniyyətə ləzgilərin, kürdlərin, talışların və Azərbaycanın digər yerli xalqlarının inteqrasiya etdiyi bütün o cəhdləri, verdikləri töhfələri çıxsaq, mədəniyyətimizdə nə qalar? Bizim mədəniyyətimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinin məcmusudur”.
Həqiqətən də, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyası daxili etnik separatçılıq meyillərini aradan qaldıraraq tolerant mühitin formalaşması üçün geniş imkanlar yaratdı.
***
Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev saytımıza açıqlamasında bildirdi ki, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük rol oynayan ulu öndərin siyasəti nəticəsində ölkəmiz bir çox təhlükələrdən yan keçə bilib. Onun sözlərinə görə, azərbaycançılıq ideologiyası 1990-cı illərin ortalarından etibarən vətəndaşların dinc yanaşı yaşamasını təmin etdi. Bu ideologiya cəmiyyətə vətənpərvərlik gətirməklə yanaşı, vahid xalq və cəmiyyət formalaşdırmış oldu. “Bundan sonra xalq-hakimiyyət birliyi yaranaraq dövlətçiliyin qorunub saxlanılması, inkişafı yönündə öz imkanlarını ortaya qoymuş oldu”, – deyən B.Quliyev əlavə edib ki, bu ilin iyulunda baş verən Gəncə hadisələrində xalq-hakimiyyət birliyi xoşagəlməz proseslərin qarşısını ala bildi. Bütün bunlar isə azərbaycançılıq ideologiyasının kütləvi şüura təsirinin göstəricisidir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının professoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu isə bildirdi ki, ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi hamisidir: “Çünki azərbaycançılıq fəlsəfəsinin əsasında dini və etnik baxışlar yoxdur. Azərbaycançılıq ideologiyasının əsasında milli həmrəylik, milli birlik və dövlətçilik fəlsəfəsi var”.
H.Babaoğlunun fikrincə, bu isə onu göstərir ki, azərbaycançılıq ideologiyası fərqliliklərin milli maraqlar naminə uzlaşmasını təmin edir: “Ümummilli lider Heydər Əliyev qeyd edib ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Göründüyü kimi, burada həmrəylik və birlik, milli-mənəvi dəyərləri qoruyub-saxlamaq, dolayısıyla, milli maraqlardan çıxış etmək əsas fəlsəfə kimi çıxış edir. Belə olan halda, hər bir Azərbaycan vətəndaşı özünü eyni dərəcədə öz dövlətinə mənsub hesab edir və ya yaşadığı cəmiyyətlə identifikasiya edir. Bu isə, əslində, multikutural dəyərlərin bariz nümunəsidir”.
Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunur